Azərbaycandan dünyaya daha bir nümunə

22 Sentyabr 2015 08:00 (UTC+04:00)

Dünya iqtisadiyyatında cərəyan edən müasir tendensiyalar bir çox ölkələrin daha böyük problemlərə düçar olacağını göstərir. Bu sıraya hətta Qərbin bir çox ölkələri də daxildir. Artıq Qərb dünyasında iqtisadi müstəvidə ciddi çətnliklər müşahidə olunur. Elə bundan irəli gəlir ki, "Moody's" beynəlxalq reytinq agentliyi Fransanın kredit reytinqini aşağı salıb. Bununla da Fransanın kredit reytinqi "Aa2" olub.

"Moody's" azalmanı iqtisadi yavaşlama, monetar genişlənmənin zəif olması nəticəsində Fransanın xarici borcunu azaltmasına mane olacağı faktla əsaslandırıb. "Moody's"in ekspertləri bildiriblər ki, zəif ÜDM artımı və islahatların həyata keçirilməsinə mane olan siyasi çətinliklər Fransanın onillik müddətdə borcuna mənfi təsir göstərəcək. Borclanmada səriştəsizliyə yol vermiş Yunanıstanın son illərdə yaşadığı ağır iqtisadi durum isə bu vəziyyətin hansı böyük fəsadlara gətirib çıxara biləəcyini aydın nümayiş etdirir. Ümumiyyətlə, Qərb ölkələrinin böyük əksəriyyətinda xarici borc məsələsində çox böyük problemlər hökm sürür. Bunun isə çox ciddi fəsadlarının ola biləcəyiən dair ekspertlər səviyyəsində edilən xəbərdarlıqların sayı artır.

Həmin ölkələrlə müqayisədə isə gənc Azərbaycanın iqtisadi vəziyyətini ideal səviyyədə qiymətləndirmək olar. Qeyd edək ki, Azərbaycanın bu günə olan 6,5 milyard ABŞ dolları həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir və bu borcun adam başına düşən həcmi 675 ABŞ dollarına bərabərdir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 58 000 dollara, Böyük Britaniyada 160 000 dollara, Almaniyada 71 000 dollara, Fransada 81 000 dollara, Rusiyada 4200 dollara, Gürcüstanda 2400 dollara, Ermənistanda 2700 dollara bərabərdir. Prezident İlham Əliyev sentyabrın 17-də Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirakı zamanı isə bu xüsusda çox maraqlı bir məqama toxunub: "Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin. Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni, onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir. Nəticə etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida çökəcək. Amma əgər mən əmr versəm, biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Budur bizim reallıqlarımız".

Əslində, xarici borc məsələsində Azərbaycan dünya ölkələri üçün bir nümunə kimi də çıxış edir. ABŞ kimi ölkənin dövlət borcu onun ümumi daxili məhsulundan çoxdur və 18 trilyon 541 milyard dollara yaxındır. Adambaşına düşən xarici borcun məbləği isə təxminən 58 min dollar təşkil edir. Böyük Britaniyanın xarici borclarının ÜDM-in həcmindən dörd dəfə çoxdur. Bu ölkənin xarici borclarının məbləği 9.6 trilyon dollara yaxındır, adambaşına düşən xarici borc məbləği isə 160 min dolları keçir. Fransanın xarici borcu isə 5 trilyon 750 milyard dollardan çoxdur, adambaşı xarici borc məbləği 86 min dolları keçir. Ölkənin xarici borcları ÜDM-in 222 faizini təşkil edir. Almaniyanın xarici borcunun məbləği 5.6 trilyon dollara yaxındır. Bu ölkədə adambaşına düşən xarici borc məbləği 71 min dolları keçir. Xarici borcun ÜDM-ə nisbəti isə 142 faizdir. Neft ölkəsi Norveçdə isə 737 milyard dollarlıq xarici borc var. Bu ölkənin borcları ÜDM-in 141 faizini təşkil edir, adambaşına düşən xarici borc məbləği 131 min dollardan çoxdur. MDB ölkələri arasında Qazaxıstanın məcmu xarici borclarının məbləği 154 milyard dollardır, xarici borcun ÜDM-dəki payı 72 faizdir və adambaşına düşən xarici borc məbləği özəl sektorun borcları nəzərə alınmadan 4500 dollara yaxındır. MDB-nin digər neft ölkəsi Rusiyada isə xarici borcun məbləği 599 milyard dollardır. Xarici borcun ÜDM-ə nisbəti 33 faiz təşkil edir, adambaşına düşən xarici borcun məbləği 5 min dolları keçir.Qonşu Gürcüstanda isə məcmu xarici borcların məbləği 14 milyard dollara yaxın olmaqla ÜDM-in 82 faizini təşkil edir.

Azərbaycanın xarici borcların məbləği ÜDM-ə nisbəti təxminən 12 faizdir. Bütün bunlar ölkəmizin durumunun xarici borclanma məsələsində digər dövlətlərlə müqayisədə əla vəziyyətdə olduğunu göstərir. Təbii ki, bütün bunlar vaxtında düşünülmüş uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir. Özü də Azərbaycan xarici borcunun miqdarını daha da aşağı salmağa hazırlaşır. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti bu xüsusda bildirib: "Xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır. Hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər". Bu fonda qarşıdakı müddətdə Azərbaycanın xarici borcunun azalacağı gözləniləndir. Belə vəziyyət isə maliyyə sahəsində Azərbaycanın həqiqətən də uğurlu nümunəyə çevrilməkdə davam etdiyini göstərir.