Dağlıq Qarabağ münaqişəsilə bağlı yeni vəziyyət

22 Sentyabr 2015 10:30 (UTC+04:00)

"Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələyə daxil olduğu görünür. Tərəflər son aylar hərbi təlimləri artırıb və Rusiya rəsmiləri ilə mütəmadi görüşlərə qatılıb. Münaqişənin həlli Qafqaz regionunun bürümüş siyasi alyanslar və münasibətlər şəbəkəsini yenidən cızmağı tələb edəcək ki, bu da pozucu prosesə çevrilə bilər. Ukraynaya görə Rusiya və Qərb arasında gərginliyin davam etməsi 2014-cü ildən bəri regionda siyasi durumu dəyişib: Rusiya, Ermənistan və Azərbaycanda Dağlıq Qarabağda dəyişikliklər hazırlaya bilərlər".

Bu barədə "Stratfor" araşdırmalar mərkəzinin Dağlıq Qarabağ münaqişəsinə dair növbəti təhlildə bildirilir. Qurum vurğulayır ki, 2014-cü ilədək Moskvanın rəsmi mövqeyi neytral qalıb, hər iki tərəfi danışıqlara çağırıb. Ancaq qeyri-rəsmi şəkildə Ermənistanı dəstəkləyib. Azərbaycan isə Rusiya ilə müttəfiq olmamağı seçib, xarici əlaqələrini şaxələndirib, Rusiyanın nüfuzunu balanslaşdırmaq üçün Türkiyə və Qərblə yaxınlaşıb. Enerji resurslarından yararlanaraq iqtisadiyyatını və ordusunu gücləndirib:

"Siyasi baxımdan Azərbaycan Dağlıq Qarabağın qaytarlmasını siyasi prioritet elan etsə də, Ermənistanın hərbi patronu olan Rusiyanın mövqeyindən çəkinərək ciddi atdım atmayıb".

"Stratfor" yazır ki, Kiyevdə Avromaydan hadisələri, Rusiya-Qərb qarşıdurmasından sonra status kvo dəyişib: "Rusiya Ermənistanın daha az etibarlı himayədarına çevrilməyə başladı. Azərbaycanın isə Qərb üçün dəyəri artdı, belə ki, Rusiyaya alternativ enerji mənbəyinə çevrilə bilərdi. Və 2014-cü ildən Azərbaycan cəbhə xəttində daha inamlı tədbirlər görməyə başladı ki, bu nə Ermənistan, nə də Rusiyanın qarşılıqlı cavabına səbəb olmadı. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi yaxşılaşıb, Ermənistan və Rusiyanınkı isə zəifləyib. Bu dəyişikliklər son aylar diplomatik fəaliyyətin görünməmiş səviyyədə güclənməsi ilə müşayiət olunub. Rusiya və Azərbaycanın, eləcə də Ermənistanın siyasi və hərbi rəsmiləri bir neçə dəfə görüşüblər. Ermənistan və Azərbaycan mediası ciddi danışıqların getdiyini yazıb. Bütün bu təsdiqlənməmiş məlumatlar belə deməyə əsas verir ki, tərəflər tezliklə status kvonu dəyişəcək plan hazırlayırlar".

Münaqişənin həllinə dair bir neçə mümkün ssenari irəli sürülüb. Birinci varianta görə, Ermənistan qüvvələri Dağlıq Qarabağ ərazisini çıxmaqla, bitişik yeddi rayondan çıxır. Məqalədə deyilir ki, bu variantın reallaşması yolunda saysız maneələr durur. Lakin Ermənistan hökuməti böyük gərginlik içindədir – iqtisadiyyat zəifləyir, kommunal xərclər və inflyasiya artır. Dağlıq Qarabağ münaqişəsində güzəştlər indiki administrasiyanı hakimiyyətdən uzaqlaşdıra bilər. İrəvan o halda belə bir razılaşmaya gedər ki, başqa seçimi qalmasın, yaxud ictimaiyyətə satmaq üçün yetərli təminatı olsun.

"Stratfor" vurğulayır ki, istənilən həll prosesi Türkiyə və İran kimi regional oyunçulara da təsir göstərəcək. Türkiyə 2009-cu ildə Ermənistanla münasibətləri normallaşdırmaq istəyəndə Bakını qəzəbləndirdi: "Rusiya Ermənistanı Dağlıq Qarabağ məsələsində kompromisə inandıra bilsə, Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılması, İranla ticarətin güclənməsi kimi şərtlər olacaq. Bu, Rusiyaya xeyli riskli addım ola bilər, belə ki, əsasən Moskvanın nəzarətində olan regiona Türkiyə və İran dəvət olunacaq. Risk ondadır ki, heç nə etməmək də Rusiyanın mövqeyini pisləşdirəcək". Təhlildə qeyd olunur ki, digər bir potensial ssenari Ermənistanı konstektiv mövqeyə gətirmək üçün on atəzyiqlərin artırılmasıdır.