Pantomima Teatrında "Fəlakət və insan" tamaşası hazırlanır

22 Sentyabr 2015 11:30 (UTC+04:00)

Azərbaycan Dövlət Pantomima Teatrında "Fəlakət və insan" tamaşası hazırlanır.

Teatrın direktoru, əməkdar artist Elman Rəfiyev "Report"a açıqlamasında deyib ki, uşaqlar üçün nəzərdə tutulan yeni tamaşa maarifləndirici əhəmiyyətə malikdir: "Tamaşada təbii fəlakət hadisəsi olan zəlzələ zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu aktyorların ifasında əyani şəkildə nümayiş etdiriləcək.

Tamaşa 6-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Hələlik, tamaşanın şərti adı "Fəlakət və insan"dır. 45 dəqiqəlik xronometrajı olan tamaşada, teatrın aktyorları çıxış edəcək. Əsərin müəllifi, teatrımızın baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşaya gənc aktyor Bəhlul Əhmədli quruluş verir".

Qeyd edək ki, yeni tamaşanın oktyabr-noyabr ayında təhvil verilməsi nəzərdə tutulub.