Bakı Ali Neft Məktəbinin 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb

22 Sentyabr 2015 12:54 (UTC+04:00)

Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BANM-nə 2015/2016-cı tədris ilində qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015/2016-cı tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, BANM-in 17 nəfər tələbəsi bu ada layiq görülüb. Onlardan doqquz nəfəri "Neft-qaz mühəndisliyi", beş nəfər tələbə "Proseslərin avtomatlaşdırılması mühəndisliyi", üç nəfəri isə, "Kimya mühəndisliyi" ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur.


Xatırladaq ki, ötən tədris ilində də BANM-nə qəbul olan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı, 2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Məktəb üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən üçü BANM-nə qəbul olub.