Qarabağ həqiqətlərini 5 dildə dünyaya yayacaq internet saytının təqdimatı keçirilib

22 Sentyabr 2015 15:58 (UTC+04:00)

Bu gün Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Düşüncə" İctimai Birliyi tərəfindən hazırlanmış www.DailyKarabakh.com internet saytının təqdimat mərasimi keçirilib.


Movqe.az-ın məlumatına görə, tədbirdə sayt haqqında video-rolik nümayiş etdirilib. Məlumat verilib ki, sayt Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmaq missiyası daşıyır. Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud durumu ilə bağlı materiallar yerləşdiriləcək, konfliktin nizamlanması istiqamətində atılan addımlar geniş şəkildə işıqlandırılacaq. Əsasən xarici dilli internet məkanı üçün nəzərdə tutulmuş bu saytda Azərbaycanın və dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikirlərinə, məqalələrinə yer veriləcək.


Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Qarabağın işğalı bir gün də olsun diqqətdən kənarda qalmamalıdır: "Burada təbii ki, əsas güc dövlətimizin üzərinə düşür. Bu gün dünya dəyişib və artıq Ermənistanda olan cinayətkar rejimi hamı tanıyır. Bunların ifşa olunmasında Prezident İlham Əliyevin xidmətləri böyükdür. Ölkə başçısının tapşırığına uyğun olaraq, Şuranın fəaliyyətinin əsas xəttini Qarabağ münaqişəsinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edir. Dağlıq Qarabağ probleminin həllinə vətəndaş cəmiyyətinin töhfəsi böyükdür. Mən çox sevinirəm ki, bu sayt bir neçə dildə fəaliyyət göstərəcək və bu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayacaq".


Qarabağ münaqişəsi başlayandan indiyədək Azərbaycanın informasiya blokadasından çıxmaq üçün böyük işlər gördüyünü deyən Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər üzrə Şöbəsinin sektor müdiri Elman Paşayev isə belə bir saytın yaranmasını yüksək dəyərləndirib: "6-7 ay bundan əvvəl biz Qarabağ haqqında saytların monitorinqini apardıq və məlum oldu ki, bu saytlar müəyyən dövrdən sonra fəaliyyətlərini dayandırır. Buna səbəb isə maliyyə mənbəyinin zəifliyi olub. İndiyədək Qarabağla bağlı informasiyalar yalnız ayrı-ayrı saytların tərkibində yaradılıb. İndi isə Qarabağ haqqında ayrıca bir saytın yaradılması çox sevindirici haldır. Burada yerləşdirilən materialların təsirli olması, xarici ekspertlərin məqalələrinin yer alması vacibdir. İnanıram ki, biz Azərbaycanın haqq işini dünyaya çatdırmaqda bu saytın işindən də yararlanacağıq".


"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov isə Qarabağla bağlı son 10 ildə böyük işlər görüldüyünü qeyd edib. O, Qarabağın tezliklə azad olunacağına ümid etdiyini və Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində ölkənin iflasa uğradığını diqqətə çatdırıb.


Millət vəkili Bəxtiyar Əliyev deyib ki, Azərbaycana qarşı aparılan informasiya blokadasının bariz nümunəsi Avropa Parlamentinin ölkənin əleyhinə qəbul etdiyi qətnamələrdən görünüb: "Təbii ki, informasiya blokadasından çıxmaq üçün belə saytların olması çox vacibdir. Çünki bu müharibə həm də informasiya müharibəsidir".


"Düşüncə" İctimai Birliyinin sədri, saytın rəhbəri Emil Hüseynli isə çıxışında bildirib ki, saytın yaranmasının əsas məqsədi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır: "Saytın fəaliyyəti zamanı Avropa ekspertərinin məqalələri, açıqlamalarından istifadə olunacaq. Bu işin məsuliyyətini dərk etmişik və anlayıram ki, bu sayt vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdıracağıq".