Baş nazirin müavini apteklərdə dərman qıtlığına aydınlıq gətirdi

22 Sentyabr 2015 16:45 (UTC+04:00)

Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov bu gün Bakıda yerləşən bir sıra apteklərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb.


Movqe.az-ın məlumatına görə, Ə.Əhmədov apteklərdə dərman preparatlarının qiyməti və keyfiyyəti ilə tanış olub, aptek işçilərinin problemləri ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.


Söhbət zamanı əczaçılar dərman vasitələrinin satışının yeni qayda ilə həyata keçirildiyini, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı qərarı alqışladıqlarını bildiriblər.


Ə.Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, sentyabrın 15-dən etibarən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə 1057 adda dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib: "Artıq ölkənin bütün apteklərində həmin dərman vasitələrinin eyni qiymətə satışı həyata keçirilir. Satışına icazə verilən digər dərmanların qiymətləri isə yaxın vaxtlarda müəyyənləşəcək. Bu addımın atılması heç də təsadüfi deyil. Son vaxtlaradək Azərbaycanın dərman bazarında dərman satışında vahid qiymətin olmaması əsas problemlərdən biri idi. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dərmanların qiymətləri ilə bağlı iradlarından sonra bu istiqamətdə müvafiq tədbirlər görülməyə başlanılıb. Məqsəd əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə nail olmaq, dərmanların baha qiymətə satılmasının qarşısını almaqla vətəndaşların büdcəsinə müsbət təsir göstərməkdir".


Dərman qıtlığına toxunan Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda lazımi dərman ehtiyatı var və bu, daim idarə olunan bir prosesdir: "Səhiyyə Nazirliyi bu istiqamətdə qabaqlayıcı tədbirlər görür. Ola bilsin ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qısa vaxtda problemlər ortaya çıxsın, amma gələcəkdə onlar tamamilə aradan qaldırılacaq. Ölkədə dərman qıtlığı olmayacaq. Dünyada çoxlu dərman növləri var. Apteklərimizdə bir adda dərmanın tapılmaması o tərkibdə dərmanın olmaması anlamına gəlmir. Ölkəyə idxal olunan bütün bahalı və ucuz dərmanların üzərində Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər olacaq. Məqsədimiz Azərbaycana bahalı dərmanların idxal olunmasının qarşısını almaq deyil. Söhbət ondan gedir ki, gətirilən dərmanların üzərinə daha yüksək qiymətlər qoyulmasın".