Vətəndaşların nəzərinə: Məişət qaz qurğularına tələblər sərtləşir

22 Sentyabr 2015 18:54 (UTC+04:00)

Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ sentyabrın 30-da keçiriləcək plenar iclasın gündəliyinə daxil edilən "Qaz təchizatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.


Qanunun 4-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələbinə cavab verməlidir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qazpaylayıcının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb oluna bilməz.


Qanunun hazırkı variantında isə bu tələb belə qoyulur: "İstehlakçı qurğuları yalnız qaz ekspertləri və qazpaylayıcının mütəxəssisləri tərəfindən yoxlanılmaqla sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra hər hansı qaz kəmərlərinə qoşula bilər. İstehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır".