Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində kamera musiqisi konserti keçirilib

23 Sentyabr 2015 13:55 (UTC+04:00)

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi konserti keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti Xatirə Həsənzadə Ü. Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində xidmətlərindən söhbət açıb.

"Üzeyir Hacıbəyli təsviri incəsənətdə" slayd-şou, arxiv materialları əsasında Ü. Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Teatr Muzeyi və Rəssamlıq Akademiyasının materialları əsasında hazırlanmış sərgi nümayiş olunub.

Sərgidə bəstəkarın əsərlərinin tamaşalarına çəkilmiş dekorasiyalar, eskizlər və s. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Musiqi təsviri incəsənətdə" adı altında rəsm əsərləri və xalça təqdim edilib.

Tədbir Ziba Rəcəbli (alt), İlahə Sadıxzadə (fortepiano), Dilarə Əliyeva, Fatimə Cəfərzadə, Məmməd Rəcəbli (klarnet), İtaliyanın Ozimo Musiqi Akademiyasının tələbəsi Məhərrəm Hüseynlinin ifalarında kamera musiqisi konserti ilə davam edib.

Sonda xalq rəssamı Arif Hüseynov rəsm əsərlərini muzeyə hədiyyə edib.