Sakit okeanda əmələ gələn “Ducuan” tufanı Yaponiyaya yaxınlaşır

23 Sentyabr 2015 14:07 (UTC+04:00)

Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumata görə, Sakit okeanda əmələ gələrək Gündoğar ölkədə "21 nömrəli" adını alan "Ducuan" tufanı ölkənin cənub-şərq sahillərinə yaxınlaşır.


Tufanın mərkəzində təzyiq 996 hektopaskala, küləyin sürəti isə saniyədə 18 metrə çatır. Tufanın ölkənin şərq sahillərinə qarşıdakı istirahət günlərində çatacağı gözlənilir.


Xəbər verdiyimiz kimi, sentyabrın əvvəllərində "Etau" və "Kilo" tufanlarının gətirdiyi leysan yağışlar nəticəsində Yaponiyada 7 nəfər həlak olmuş, 40 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı. İbaraki prefekturasında Kinuqava çayının daşması Zyoco şəhərini su altında qoymuşdu. On iki mindən artıq evi, 40 kvadratkilometr ərazini su basmışdı.


Ertəsi gün şimala doğru hərəkət edən atmosfer təzyiqi Miyaqi prefekturasında güclü yağışa səbəb olmuş, burada çayın daşması nəticəsində Osaki şəhəri su altında qalmışdı. Həmin vaxt leysan yağışların 24 prefekturaya vurduğu ziyanın məbləği 7,33 milyard yen (61,35 milyon dollar) təşkil etmişdi.