DADP sədri niyə namizədliyini vermir?

23 Sentyabr 2015 14:59 (UTC+04:00)

Parlament seçkilərinə az bir müddətin qalmasına baxmayaraq Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyevanın namizədliyini hələ də verməməsi maraqlıdır. Demək olar ki, bütün partiyalar artıq namizədlərini müəyyənləşdiriblər və prosesə qoşulublar. Hətta MSK-dan namizədliyi qeydə alınanlar da var.

Bəs DADP nə düşünür?

DADP sədri F.Əliyeva sualımızın cavabında dedi ki, onlar bu seçkilərdə mütləq iştirak edəcəklər: "Namizədliyimi verəcəm, ancaq hələ bir qədər müşahidə aparırıq. Necə deyərlər gözləmə mövqeyindəyik. Görək kim hansı dairədən namizəd olmaq istəyir. Vaxtı çatanda mən də namizəd olacağım dairənin adını açıqlayacam". F.Əliyeva onu da əlavə edib ki, çoxu DADP-nin bu seçkilərə qatılmamaqda geçikməsini prosesi boykot etməyi ilə bağlayır: "Əsla, biz öz gücümüzə inanırıq və parlament seçkisinə də qatılacağıq. Boykotu o partiyalar edirlər ki, onlar öz güclərinə, elektoratlarına güvənmirlər. Biz güclü şəkildə təşkilatlanmış partiyayıq və seçkidə öz gücümüzü bir daha göstərəcəyik".