AŞPA missiyası: AŞPA-ya üzv ölkədə seçkiləri müşahidə etmək qurum üçün vacibdir

23 Sentyabr 2015 16:25 (UTC+04:00)

"AŞPA seçkiqabağı nümayəndə heyəti Azərbaycan rəhbərliyinin açıqlığını və qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün çoxlu sayda beynəlxalq təşkilatlara, o cümlədən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərilən dəvətləri alqışlayır".


Movqe.az-ın məlumatına görə, bu fikirlər Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı nümayəndə heyətinin bəyanatında deyilir.


Heyət sentyabrın 21-22-də seçkiqabağı vəziyyəti və seçkilərə hazırlıq səviyyəsini yoxlamaq üçün Azərbaycana səfər edib. Bəyanatda qeyd olunur ki, ATƏT DTİHB və Azərbaycan rəhbərliyi müşahidəçilərin sayı və metodologiyası məsələsində razılığa gələ bilməyib və bu səbəbdən də missiya seçkilərin müşahidəsindən imtina edib: "AŞPA seçkiqabağı missiyası AŞPA müşahidə missiyasının planlaşdırıldığı kimi, tam sayda müşahidə missiyasını həyata keçirməsində təkid edir. AŞPA-ya üzv ölkədə monitorinq adı altında seçkiləri müşahidə etmək qurum üçün vacibdir və monitorinq prosesinin qanunla müəyyən edilmiş vəzifəsidir. Bundan başqa, AŞPA seçki missiyasının final hesabatı həm seçkilərin aparılması ilə bağlı siyasi müzakirələr, həm də bu ölkənin parlamenti ilə institutsional dialoqun dəstəklənməsi baxımından assambleya üçün vacibdir".


Sənəddə bildirilir ki, heyətin Azərbaycanda görüşdüyü həmsöhbətlər qeyd ediblər ki, 5 il əvvəlki parlament seçkilərindən sonra irəliləyiş əldə olunub və buna görə də ölkə təcrid edilməməlidir. Seçkiöncəsi missiya Mərkəzi Seçki Komissiyası tərəfindən parlament seçkilərinə hazırlığın müxtəlif mərhələləri barədə məlumatlandırılıb. Komissiyanın verdiyi məlumata əsasən, indiyə kimi heç bir şikayət daxil olmayıb.


Eyni zamanda sənəddə parlamentə daxil olmayan müxalif partiya nümayəndələri, bütün namizədlər üçün bərabər imkanların yaradılmasının, sərbəst şəkildə imzaların toplanmasına imkan yaradılması və hakim partiyanın xeyrinə olaraq administrativ resurslardan sui-istifadə hallarının qarşısının alınmasının vacibliyini vurğulanıb.


Missiya həmçinin, əsas müxalif partiyaların seçilmək şanslarını gücləndirmək üçün siyasi alyans çərçivəsində əməkdaşlıq etmək qərarını da alqışlayıb.