Köhnə binaların sökülməsi özəl sektor həvalə edilə bilər

24 Sentyabr 2015 08:01 (UTC+04:00)

Rusiyada köhnə binaların sökülməsi işinə artıq özəl sektoru təmsil edən investorlar da cəlb olunur. Bu da işin sürətlə aparılmasına şərait yaradır. Bu fonda görəsən, Bakıda da anoloji addımların atılması mümkündürmü?

Bunun baş verməsi tikinti sektoruna nə vəd edir?

"MBA Konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimov qeyd etdi ki, köhnə binaların sökülməsi işinə özəl sektorun cəlbi məsələsi yaxın gələcəkdə öz həllini tapa bilər: "Köhnə binaların sökülməsi işinə özəl sektorun cəlb olunması məsələsinin müsbət həlli Azərbaycanda da mümkündür. Amma hələlik Azərbaycanda bu işlə dövlət strukturları məşğuldur. Çünki, köhnə tikililərin bəziləri bir sıra hallarda infrastruktur layihələri ərazisinə düşür. Ona görə də bu yerlərdəki köhnə binaların söküntüsünü dövlət aparır.

Amma yəqin ki, yaxın gələcəkdə ölkəmizdə də investorlar bu işə cəlb olunacaqlar. Bu gün isə həmin işə qol qoymaq investorlar üçün cəlbedici və maraqlı deyil. Çünki, köhnə tikililərin sökülüb tikilməsi investorlara nisbətən baha başa gəlir. Belə olan halda isə onların prosesdə maraqlı olacağını gözləməyə dəyməz. Yəqin ki, gələcəkdə dövlət sviyyəsində bu istiqamətdə ciddi adımlar atılar və belədə investorlar üçün köhnə tikililərin sökülüb, yerində yenisinin tikilməsi maraqlı olar. Onda bu bazar seqmenti də işləyəcək. Hələlik isə bu istiqamət işləmir".

Həmsöhbətimiz onu da vurğuladı ki, özəl sektorun

Köhnə binaların sökülməsi işinə cəlb olunmasının tikinti sektoruna əhəmiyyətli təsiri olmayacaq: "Azərbaycanda neçə ildir ki, tikinti sektoru işləyir. Tikinti işlərilə məşğul olan şirkətlər şəhər mərkəzində olmasa da, şəhər kənarında işlərini davam etdirir. Amma onlar da köhnə binaların sökülüb yenisinin tikilməsi prosesinə cəlb olunsa, yəqin ki, şəhər mərkəzindəki köhnə tikililərdən paytaxtımız daha tez xilas olar, onun infrastrukturu daha da yaxşılaşar. Amma bu addımın ümumi tikinti həcminin artımına müəyyən qədər təsiri olsa da, əhəmiyyətli dərəcədə təsir göstərəcəyinə inanmıram. Çünki, bu iş böyük vəsait tələb edir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə bildirdi: "Əslində, binaların sökülməsi işləri əsasən özəl sektorun iştirakı ilə həyata keçirilməlidir. Ölkəmizdə həmin binaların sökülməsi işində az da olsa özəl investorlar da iştirak edirlər. Düzdür, əsas işi dövlət sektoru görür.

Sökülən binaya görə kompensasiya dövlətin hesabına ödənilir. Amma özəl sektorun da iştirakı var.

Onlar istər dövlət investisiyasında, istərsə də tikinti işlərində prosesə qoşulub. Məsələn, rəsmi şəkildə olaraq bildirilib ki, "Sovetski" adlanan yerdə tikinti işləri özəl sektor tərəfindən aparılacaq. Yəni, əslində, özəl sektor prosesdə iştirakçıdır. Amma qərar qəbulu prosesi daha çox dövlət qurumları tərəfindən aparılır".