Aydın Mirzəzadə: ATƏT PA-nın qərarı onun apardığı siyasətə uyğun gəlmir

23 Sentyabr 2015 21:00 (UTC+04:00)

"Mən təəssüf edirəm ki, ATƏT-in ali idarəetmə orqanlarından biri öz qərarını ATƏT-in bir bürokratik aparatının rəyi əsasında verir. Parlament Assambleyası ayrı-ayrı dövlətlərin deputatlarının yığılıb mühüm qərarlar verdiyi orqandır və bu orqanın birdən-birə özündən aşağı statusda olan və məmurlardan ibarət olan qurumun rəyinə əsasən qərar verməsi nə ATƏT-in nizamnaməsinə, nə də məramına və apardığı siyasətə uyğun gəlir".


Movqe.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ATƏT Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanervanın noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyası göndərməyəcəkləri barədə bəyanatına münasibət bildirərkən deyib.


A.Mirzəzadə qeyd edib ki, Azərbaycan seçkiləri hansısa büronun xoşuna gəlib-gəlməmək üçün deyil, ümumən sonrakı dövrdə özünün hakimiyyət orqanlarından birini təşkil etməkdən ötrü keçirir: "Təəssüf ki, Azərbaycanın bu addımına qərəzli yanaşan, Azərbaycana siyasi təzyiq etmək istəyən, ölkəmizin daxili siyasi kursunu özünün istəyinə uyğun korrektə etmək istəyən dairələr tapılır. Amma hesab edirəm ki, onlar bu istəklərində yanılırlar. Azərbaycana heç bir halda təzyiq etmək mümkün olmayacaq, eyni zamanda Azərbaycan demokratiya və insan hüquqlarının təmin edilməsi yolundan da əl çəkməyəcək".


Millət vəkili vurğulayıb ki, Azərbaycan hüquqi, demokratik, dünyaya açıq bir dövlətdir: "Ölkə keçirilən hər bir ümummilli seçkilərdə beynəlxalq təşkilatlardan, o cümlədən xarici dövlətlərin parlamentlərindən müşahidəçilər dəvət edir və onların müşahidəsi üçün bütün şəraiti yaradır. Dəvəti qəbul edib-etməmək isə onların səlahiyyətində olan və istəyi ilə bağlı bir məsələdir. Azərbaycan ümumən demokratik seçki keçirmək əzmindədir. Hesab edirəm ki, dünya bu dəfə də Azərbaycanın demokratiya yolunda növbəti addım atdığının şahidi olacaq. Çox təəssüf ki, xaricdəki bəzi dairələr Azərbaycanda keçirilən seçkilərə xüsusi maraqla yanaşırlar. Məqsəd seçki hələ keçirilməmişdən onun üzərinə kölgə salmaq, seçki barədə beynəlxalq ictimaiyyətdə mənfi əhval-ruhiyyə yaratmaq, Azərbaycanı siyasi təzyiq altında saxlamaqdır".


Qeyd edək ki, ATƏT PA-nın prezidenti İ.Kanerva ATƏT PA-nın Ulan-Batorda keçirilən payız sessiyası çərçivəsində bəyan edib ki, bu qərarı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərarına uyğun olaraq qəbul ediblər.