“İslam oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək" (VİDEO)

24 Sentyabr 2015 11:55 (UTC+04:00)

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin ilk iclası keçirilib.

ANS TV-nin məlumatına görə, I Avropa Oyunları ilə Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır - deyən prezident İlham Əliyev oyunlar ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığnı, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını xatırladıb. Və bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd edib. Eyni zamanda dövlət başçısı bu səylərin boşa çıxdığını da vurğuluyub:

"Əminəm ki, İslam oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək. Bir daha həm islam ailəminə, həm də dünyaya göstərəcək ki, İslam dini sülh, mərhəmət, qardaşlıq dinidir. Eyni zamanda dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir".

IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva isə göstərilən etimada görə təşəkkür edib.

Bu günə qədər keçirilən tədbirlərin ölkəmizin gücünü, təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini deyən Mehriban Əliyeva vurğulayıb ki, İslam Həmrəylik Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq:

"İslam Həmrəylik Oyunlarında 57 ölkənin iştirakı gözlənilir. İlkin razılaşmaya əsasən 20 idman növündə yarışların keçirilməsi planlaşdırılır. Yarışlarda 5 mindən artıq idmançının iştirakı nəzərdə tutulub".

Təşkilat Komitəsinin sədri bildirib ki, oyunlarda iştirak edəcək idmançıların "Atletlər kəndi"ndə, jurnalistlərin isə "Media kəndi"ndə yerləşdirilməsi nəzərdə tutulub.

Qarşıda duran məsələlərdən biri açılış və bağlanış mərasimlərinin ideyalarını formalaşdırmaqdır. Təxminən 10 minə yaxın gəncin könüllü kimi oyunlara cəlb olunacaq.

Birinci xanım söyləyib ki, yarışların keçirilməsi ilə bağlı geniş tədbirlər planı hazırlanır və qısa müddətdə təqdim olunacaq.

İclasa yekun vuran prezident İlham Əliyev oyunlara hazırlıqda koordinasiyanın təmin olunmasının, yüksək peşəkarlığın göstərilməsi, qonaqların gəlişi, viza problemlərinin həlli, müasir nəqliyyat vasitələri ilə təminat, yüksək qonaqpərvərliyin göstərilməsinin əhəmiyyətini bildirb.

Təhlükəsizlik tədbirləri, informasiya-kommunikasiya sistemlərinin fəaliyyəti, Bakıda və paytaxt ətrafında quruculuq-abadlıq işlərinin davam etdirilməsi, oyunların keçirilməsinə yerli və xarici mütəxəssislərin cəlb olunması məsələlərinin vacibliyini qeyd edib.