Çörəyin bahalaşmasının maraqlı pərdəarxası məqamları üzə çıxır

11 Oktyabr 2012 08:11 (UTC+04:00)

Çörəyin qiymətinin bahalaşacağı ilə bağlı bir müddət bundan əvvəl bəzi mütəxəssislərin verdikləri proqnozlar artıq özünü doğrultmağa başlayır. Belə ki, oktyabrın 7-dən etibarən Bakıda çörəyin qiymətində artımlar müşahidə olunub. Həmin vaxta qədər 30 qəpiyə olan çörək 10 qəpik bahalaşacarq 40 qəpiyə satılıb. Qeyd edək ki, cari ildə aparıcı taxıl istehsalçıları olan bir sıra ölkələrdə qıtlıq baş verib. Belə qıtlıq halı özünü Kanada, ABŞ kimi nəhəng taxıl ixracatçıları olan ölkələrdə də göstərib.

Nəticədə də məhsuldarlıq xeyli dərəcədə aşağı düşüb. Bütün bunlar dünya ölkələrində ərzaq və taxıl məhsullarının qiymətlərinin artmasına təkan verib. Azərbaycana gəldikdə Kənd Təsərrüfatı rəsmilərinin açıqlamalarına görə cari ildə ölkədə 2,7 milyon ton taxıl istehsal olunub ki, bunun da 1,8 milyon tonu buğdadır. Belədə Azərbaycan özünün buğdaya olan tələbatının 85 faizini ödəmək qabiliyyətindədir. Yerdə qalan hissəsi isə Azərbaycan Qazaxıstan, Rusiya və Ukraynadan idxal etməklə ödəyir. Digər tərəfdən, sentyabrda Azərbaycan hökuməti un və taxıl idxalına qoyulan 18 faizlik əlavə dəyər vergisini də götürdü. Lakin görülən bu kimi tədbirlərə baxmayaraq, çörəyin qiymətinin bahalaşdığı artıq göz önündədir. Xatırladaq ki, bir neçə həftə öncə də mətbuatda 30 qəpiklik çörəyin 35 qəpiyə qalxdığı barədə məlumatlar getmişdi. Bu arada İqtisadi İnkişaf Nazirliyi də çörəyin qiymətinin bahalaşdığını təsdiqləyib. Belə ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin verdiyi məlumata görə, son günlər İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı monitorinqlər zamanı bəzi ticarət obyektlərində çörəyin çəkisindən asılı olaraq pərakəndə satış qiymətlərində artım müşahidə olunub. Onun dediyinə görə qiymətlərdə bahalaşma baş vermiş çörəklərin çəkisində də 100 qramdan çox artım qeydə alınıb: "Aparılan araşdırmalar qiymət dəyişikliyinin dünya bazarında ərzaq buğdasının bahalaşması ilə əlaqədar oloduğunu göstərir. Son üç ay ərzində Azərbaycana ənənəvi taxıl ixracatçısı olan Qazaxıstan və Rusiyada ərzaq buğdasının qiymətində 40-50 faiz artım baş verib. Təbii ki, buğdanın qiymətindəki bahalaşma nəticə etibarilə çörəyin maya dəyərinin artmasına səbəb ola bilər. Bununla belə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında, o cümlədən çörək satışı bazarında çörək məhsullarının keyfiyyəti və təhlükəsizliyilə bağlı nəzarət tədbirlərini davam etdirir".

Kənd təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev sözügedən bahalaşmanın süni olduğunu diqqətə çatdırdı:

"Çörəyin qiymətini qaldıran insanlar heç də düzgün addım atmayıblar. Ölkədə lazımi qədər taxıl ehtiyatının olduğu, istehsalın artdığı şəraitdə çörəyin qiymətinin qaldırılması doğru yanaşma deyil. Hətta sentyabrın 21-dən taxıl idxalına əlavə dəyər vergisi də götürüldü. Belə bir halda hansı səbəblərdən çörəyin qiyməti qalxmalıdır? Bu prosesi İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumları araşdırmalı və qiyməti qaldıranlar qanunlara müvafiq olaraq cavab verməlidirlər. Yanvarın 1-nə idxal olunan taxıl ehtiyatımız 944 min ton olub. Bundan başqa ölkədə 1,8 milyon ton buğda istehsal olunub. Gələn ilin yanvarın 1-nə kimi 1,6 milyon tondan çox taxıl ehtiyatımız yaranacaq. Başqa dövlətlərdə bahalaşma baş verməsinin ölkəmizə aidiyyatı yoxdur. Sentyabra kimi Qazaxıstandan 721 min ton taxıl gətirilib. Toxum və zibil hissəsini çıxmaq şərtilə buğdanın 85 faizi yerli istehsal hesabına təmin olunur. Çatışmayan 15 faiz müqabilində isə xaricdən 40-50 faizə qədər məhsul gətirilib. Bunun müqabilində çörəyin qiymətini qaldıranlar cinayətkardırlar. Proses süni surətdə olduğundan onlar cavab verməlidirlər. Qiymətlər stabil qalmalıdır, xüsusən də zavod çörəyinin qiyməti. Qiymətlər yeni texnologiya və avdanlığın alındığı, yeni çörək növlərinin istehsalı şəraitində qalxa bilər".

İqtisadçı millət vəkili Vahid Əhmədov da çörəyin bahalaşmasını subyektiv amillərlə əlaqələndirdi: "Son zamanlar çörəyin qiyməti istiqamətində çoxsaylı söhbətlər gedir. Bəzən də dünya bazarında taxılın qiymətinin artdığını diqqətə çatdırırlar. Azərbaycana gəldikdə, ölkəmizin taxıl ehtiyatı vardır. Ehtiyat taxıl olmasaydı, dünya bazarında taxılın qiymətinin bahalaşması istər-istəməz ölkəmizdə də çörəyin qiymətinin qalxmasına təkan verə bilərdi. Bu mənada çörəyin qiymətində baş verən bahalaşma tendensiyasını təqdirəlayiq hesab etmirəm. Deyirlər ki, qiymətin qalxması ilə yanaşı çəkisi də artıb. Amma bu çəki artımını da hiss etmirik. Görünür, çörəyin bahalaşmasında hansısa subyektiv səbəblər var. Müəyyən əllər istəyəndə qiyməti qaldırır, istəyəndə salırlar. Ümumiyyətlə, çörəklə zarafat etmək olmaz. Azərbaycanda əhalinin əksər hissəsi çörəyə daha çox vəsait xərcləyir. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır. Dünya bazarında taxılın qiyməti qalxsa da, Azərbaycanında kifayət qədər taxıl yığıldığı və Fövqəladə Hallar Nazirliyinin kifayət qədər ehtiyat topladığını nəzərə alaraq çörəyin qiymətini stabil saxlamaq mümkündür."