Azərbaycanda “Ümumdünya Turizm Günü” və “İrs Günləri” qeyd ediləcək

24 Sentyabr 2015 13:10 (UTC+04:00)

Sentyabrın 25-dən 27-dək Azərbaycanda "Ümumdünya Turizm Günü" və "İrs Günləri" layihələrinin qeyd edilməsinə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək.

Movqe.az məlumat verir ki, sentyabrın 27-si Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə hər il dünyada "Ümümdünya Turizm Günü" kimi qeyd edilir. Beynəlxalq ictimaiyyət arasında turizmin siyasi, sosial, mədəni və iqtisadi dəyərlərin inkişafında rolunu vurğulayan bu layihə ölkəmizdə də hər il qeyd edilir.

Eyni zamanda, hər il sentyabrın sonu - oktyabrın əvvəllərində ölkəmizdə "İrs Günləri" layihəsi keçirilir. Layihə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişinin təmin olunması, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb edilməsi və milli mədəni irsin təbliğindən ibarətdir.

Azərbaycanda "Ümumdünya Turizm Günü" və "İrs Günləri"nin qeyd edilməsi ilə bağlı sentyabrın 25-27-də ölkənin ən mühüm mədəniyyət təsisatları ödənişsiz xidmət göstərəcək.

Bura Mədəniyyət və Turizm Nazirliyinin, AMEA və Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən sonrakı mədəniyyət təsisatları daxildir:

Milli Azərbaycan Tarixi Muzeyi;

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;

"Qobustan" Milli Tarix-Bədii Qoruğu (Ümumdünya İrs Obyekti);

Azərbaycan Milli İncəsənət Muzeyi;

Azərbaycan Xalça Muzeyi;

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu (Ümumdünya İrs Obyekti);

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu;

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu;

"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu;

Kiş Tarix-Memarlıq Qoruğu.


Hər il sözügedən layihələr bir çox dünya ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə insanlar yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda, indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur.

Hər il təxminən 50 milyona yaxın insan bu təşəbbüsdən yararlanır. Layihələrin qeyd olunacağı günlərdə yuxarıda adları göstərilən mədəniyyət təsisatlarına 30 minə yaxın ziyarətçinin baş çəkməsi nəzərdə tutulur.