Bahar Muradova qalmaqallı videoya münasibət bildirdi

11 Oktyabr 2012 08:16 (UTC+04:00)

Hər kəsin "videoqalmaqal" olayına öz prizmasındanolan bir münasibəti və eyni zamanda, hamının da ümumibir münasibəti var. Bu münasibət də ortadadır və müvafiq hüquq-mühafizə orqanları da bununla bağlı öz işlərini görürlər. Bunu Gün.Az-a açıqlamasında Milli Məclis (MM) sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Bahar Muradova məlum "videoqalmaqal"la bağlı sabiq millət vəkili Gülər Əhmədovanın hakim partiyanın icra katibi Əli Əhmədovun ünvanına səsləndirdiyi təhqiramiz fikirlərə münasibətini bildirərkən dilə gətirib.

Vitse-spikerin dediyinə görə, hazırda "videoqalmaqal"la əlaqədar istintaq gedir və belə düşünür ki, həm mətbuatımız, həm ictimai-siyasi xadimlərimiz, həm də məlum qalmaqalın iştirakçısı olan tərəflər maraqlı olmalıdırlar ki, istintaqın gedişinə mane ola biləcək hər hansı bir açıqlamaya, hansısa bir hərəkətə, hansısa bir fəaliyyətə yol verilməsin:

"Şəxsən mənim qənaətim belədir. O ki qaldı kiminsə təhqir olunmasına, istənilən halda təhqir edənin, təhqiramiz fikrə və hərəkətə yol verənlərin yanlış yolda olduğunu düşünürəm. Bu, heç də işin xeyrinə deyil, gedən proseslər də onu göstərir, bu, işin xeyrinə deyil. Əgər yaxşı bir fikir söyləyə bilmirsənsə, o zaman pis fikri söyləməməyin də tərəfdarıyam. Yaxud da, əgər istəmirsənsə, digər fikirlərini özündə saxlamağın tərəfdarıyam. Çünki kimsə düşünməsin ki, bu, təkcə onun məsələsidir. Bu, ümumi bir məsələdir və vətəndaşlar da sıravi, adi azərbaycanlı da bu prosesi izləyir, eyni zamanda, kənardan bu prosesi müşahidə edən dairələr var. Ona görə onların əlinə hər hansı bir bəhanə vermək və məsələni başqa istiqamətə yönəltmək, başqa maraqlar müstəvisinə gətirməyə imkan vermək olmaz".