Kanadanın neft-qaz kəşfiyyatı və istehsalında ixtisaslaşmış şirkəti Azərbaycanda nümayəndəlik açacaq

24 Sentyabr 2015 17:40 (UTC+04:00)

Neft-qaz kəşfiyyatı və istehsalında ixtisaslaşmış Kanada şirkəti "Zenith Energy Ltd." Azərbaycanda nümayəndəlik açacaq.

Kanada KİV-lərinin yaydığı məlumata görə, "Zenith Energy Ltd."nin Direktorlar Şurası Bakıda regional nümayəndəliyin açılması ilə bağlı qərar qəbul edib.

"Zenith Energy Ltd."nin prezidenti və baş direktoru Andrea Kattaneo qeyd edib ki, təmsil etdiyi şirkət Azərbaycana investisiya yatırmaqda maraqlıdır. "Biz xarici investorlar üçün geniş imkanlara malik, dinamik inkişaf edən neft və qaz ölkəsi olan Azərbaycana investisiya yatırmağı səbirsizliklə gözləyirik. Biz ilk növbədə qanunun aliliyi, aktivlərin mülkiyyət hüququna, danışıqların aparılması və razılığın əldə olunması kimi aspektlərə fikir vermişik. Biz əminik ki, Azərbaycanda mövcud olan əmək şəraiti və yerli şirkətlərlə münasibətlər xarici energetika investorları üçün əlverişli və cəlbedicidir", - deyə A.Kattaneo vurğulayıb.

Qeyd edək ki, "Zenith Energy Ltd." 2007-ci ildə təsis edilib.