Azərbaycan prezidenti: “bp şirkəti öhdəliklərini yerinə yetirmir”
11 Oktyabr 2012 11:15 (UTC+04:00)
"Biz haqlı olaraq neft
strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi
inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal
iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı
məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız
yaradıb".
APA-nın xəbərinə görə, bunu
Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında
Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident qeyd edib ki, Azərbaycan bu imkanlardan bəzi başqa
ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə edir, neft
kapitalını qeyri-neft sektorunun inkişafına yönəldir:
"İnfrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar
əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur
hissi ilə danışa bilək. Ancaq konsorsium tərəfindən buraxılan kobud
səhvlər ucbatından son illər ərzində "Azəri", "Çıraq" yataqlarında
neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb. Bu, birinci il
deyildir ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində
çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının
bir ömrü var. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən
illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni, bu
proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir.
Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan
sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət
ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir. Onu da deyə
bilərəm ki, "Azəri", "Çıraq" neft yataqları üzrə kontrakt pay
bölgüsü əsasında imzalanıb. İlkin mərhələlərdə payların bölgüsü bir
qədər fərqli idi. İlkin mərhələlərdə ki, böyük investisiyalar
qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən
75-25 faiz xaricilərin xeyrinə, əgər belə demək mümkünsə. Onlar öz
investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlayıb
– əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında
artıq "Azəri", "Çıraq" neft yataqlarının səmərəliliyini və kontrakt
şərtlərini nəzərə alaraq, bu pay bölgüsü Azərbaycanın xeyrinə
dəyişib və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25
faiz təşkil edir. Yəni, hasil edilən mənfəət neftinin 75 faizi
Azərbaycanın payına düşür".
Prezident vurğulayıb ki, kontrakt şərtləri əsasında pay bölgüsündə
dəyişiklik baş verdikdən sonra "Azəri", "Çıraq" neft yataqlarında
neftin hasilatı nədənsə azalmağa başlayıb: " Sözlərimə konkret
rəqəmlər əlavə etmək istəyirəm. Belə ki, 2009-cu ildə "Azəri",
"Çıraq" yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton
idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilib.
2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton
olub. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36
milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki
hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər
bp "Azəri", "Çıraq" yataqlarından 33 milyon tondan artıq neft hasil
edə bilməyəcək. Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini
100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha
da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə
əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Bu, reallıqdır. Kiçik
bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə
ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın
düşməsi bu vəziyyətin məntiqi nəticəsidir".
Prezident "Azəri", "Çıraq" neft yataqlarına böyük investisiyalar
qoyulduğunu vurğulayıb: "Biz buna görə bütün investorlara
minnətdarıq və yenə də deyirəm, bu investisiyalar bizə imkan verdi
ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən
ölkələrdən biridir. Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki,
bu investisiyalar xeyriyyəçilik funksiyalarını daşımırdı. Bu, sırf
biznes layihədir. Yenə də bir neçə rəqəmi səsləndirmək istəyirəm.
"Azəri", "Çıraq" neft yataqlarına əvvəldən bu günə qədər bp-nin
rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar
investisiya qoyulub. Bu günə qədər konsorsium 73 milyard gəlir
götürüb. Yəni, böyük mənfəət əldə edilib. Əlbəttə, bütün bu mənfəət
kontraktın şərtləri əsasında mümkün olub. Azərbaycan tərəfi də
böyük mənfəət götürüb. Bu gün bizim 45 milyard səviyyəsində olan
valyuta ehtiyatlarımızın böyük hissəsi Neft Fondunun vəsaitidir. Nə
qədər vəsait də son 12 il ərzində xərclənib. Dövlət Neft Fondu
1999-cu ilin sonunda – dekabr ayında yaradılıb. O vaxtdan bu günə
qədər ölkə iqtisadiyyatına qoyulan vəsaitin, infrastruktur
layihələrinə, məktəblərin, yolların tikintisinə, abadlıq işlərinə
qoyulan investisiyaların əsas mənbəyi bizim neft sənayemizdir. Ona
görə bu, sırf kommersiya layihəsidir. Hesab edirəm ki, bütün
vədlər, verilən proqnozlar yerinə yetirilməlidir. Qeyd etməliyəm
ki, gözlənilməyən bu tənəzzül sırf "Azəri", "Çıraq" yataqları üzrə
fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud
səhvləri nəticəsində mümkün olub. Biz bp şirkəti ilə uzun illərdir
ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə
dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik.
Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar
qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər
qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə
münasibətlərə yer yoxdur, mümkün deyil. Biz həmişə bütün
tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli
olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat
münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox
ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı
məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay
bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdi ki, bütün bu
xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaq. Bütün
səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan
deyil.
Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox
ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq,
hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və
ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcək.
Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçib və mən
bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki,
burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu,
tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq
verilib ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər
görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə
bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər,
tədbirlər görülməlidir və görüləcək".