Məkkədə Həcc ziyarəti zamanı ölənlərin sayı 753 nəfərə çatıb

25 Sentyabr 2015 11:30 (UTC+04:00)

Məkkədə Həcc ziyarəti zamanı Mina dağında baş verən izdiham nəticəsində ölənlərin sayı 753 nəfərə çatıb. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralıların sayının isə 887 nəfər olduğu açıqlanıb. Ölənlərin arasında 4 Türkiyə vətəndaşı da var, 13 türk hacının isə itkin düşdüyü bildirilir.

Məlumata görə, Minada baş verən izdihamda yaralananlar helikopterlərlə xəstəxanalara daşınır. Mina xəstəxanasında izdihamın üzərindən təxminən 10 saat keçməsinə baxmayaraq sıxlığın və ərazidə təcili tibbi yardım maşınlarının hərəkətliliyinin davam etdiyi bildirilir.

Bundan başqa, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Nayif bin Abdulazizin təklifilə Minada keçirilən növbədənkənar toplantıda izdihamın başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün yüksək istintaq komitəsinin yaradılmasını tələb edib. Komitə hadisənin başvermə səbəblərini araşdıraraq nəticələri barədə Kral Salman bin Abdulazizə məlumat verəcək.