Ziya Məmmədov: “Bu il Azərbaycanda 362,8 kilometr yol təmir olunub, avtomobil yollarında 11 körpü tikilib”
11 Oktyabr 2012 12:01 (UTC+04:00)
"2012-ci ilin 9
ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər
yerinə yetirilib, 114 milyon ton yük, 1,2 milyard nəfər sərnişin
daşınıb. Yük daşımalarının 16,7 milyon tonu dəmir yolu, 9,3 milyon
tonu su, 87,9 milyon tonu isə avtomobil nəqliyyatının payına düşür.
Limanlarda 9,1 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları
yerinə yetirilib. Bu dövr ərzində nəqliyyat sektoruna yönəldilmiş
investisiyaların ümumi həcmi 1,7 milyard manat təşkil
edib".
"APA-ECONOMICS"in məlumatına
görə, bunu nəqliyyat naziri Ziya Məmmədov Nazirlər Kabinetinin
2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında
deyib.
Nazir bildirib ki, ölkə üçün dəmir yollarının strateji əhəmiyyəti,
Heydər Əliyevin təşəbbüsü ilə bərpa olunan "Tarixi İpək Yolu"
marşrutu üzərində dəmir yolunun xüsusi yeri nəzərə alınaraq,
magistralın dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün irihəcmli
yenidənqurma və tikinti işlərinin aparılmaqda olduğunu qeyd edib.
O, dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına
dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq
Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması,
enerji, rabitə-işarəvermə sisteminin tam dəyişdirilməsi, yeni
lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə
sisteminin yaradılması işləri hazırda 4 komponent üzrə mərhələlərlə
davam etdirildiyini vurğulayıb: "Layihə üzrə bu istiqamətdə sürət
həddi saatda 140 kilometr olacaq yolun artıq 85 kilometr hissəsi
yenidən qurulub, bağlanmış müqavilələr əsasında tələb olunan
avadanlıq və materialların müəyyən hissələri alınıb.
Ölkəmizin tranzit imkanlarının artırılması, regional əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən və
həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi xüsusi yer tutur.
Burada tikinti işləri sürətlə davam etdirilir. Hazırda
Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 kilometr uzunluğunda yeni
yolun üst quruluşu inşa edilib, bu hissədə süni qurğuların və
torpaq yatağının tikintisi, o cümlədən Axalkalaki və Kartsaxi
stansiyalarında vağzal binalarının, yolun 101-103 kilometrlik
ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün,
Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin inşası və
uzunluğu 153 kilometr olan Marabda-Axalkalaki sahəsində
reabilitasiya-rekonstruksiya işləri davam etdirilir".
Z. Məmmədov bildirib ki, su nəqliyyatı sahəsində Xəzər Dəniz
Gəmiçiliyinə məxsus gəmilərin və bərələrin müasir gəmilərlə əvəz
edilməsi işləri davam etdirilib: "Hazırda dövlət büdcəsi hesabına
Xorvatiyada sifariş olunmuş 2 ədəd 54 vaqon tutumlu bərə ölkəyə
gətirilir və yaxın günlərdə istismara veriləcək.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi
çərçivəsində ərazinin tikintiyə hazırlanması və liman kompleksini
birləşdirən yol infrastrukturunun tikintisi işləri davam etdirilir.
Liman akvatoriyasında aparılan dib dərinləşdirmə işləri yekunlaşmaq
üzrədir.
Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri
parkının yeniləşdirilməsi məqsədi ilə 2012-ci ildə "Azərbaycan Hava
Yolları" QSC tərəfindən 2 ədəd "Boeing-767" tipli sərnişin
təyyarəsi alınıb və "Boeing" şirkəti ilə yeni sifarişlərlə bağlı
müqavilələr imzalanıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin
tikintisi davam etdirilib.
Ölkəmizdə daşımaların böyük hissəsi avtomobil nəqliyyatı vasitəsilə
həyata keçirilir və bu dinamika ilbəil artmaqdadır. Bu daşımaların
təhlükəsiz həyata keçirilməsinin təmin edilməsi ilə bağlı
avtonəqliyyat parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin
yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata
keçirilib".
O, 2012-ci ilin 9 ayı ərzində paytaxtda 400 ədəd yeni iri və orta
tutumlu avtobus və 1000 ədəd "London taksi"ləri olmaqla, 1085 ədəd
yeni taksi minik avtomobilinin gətirilərək istismara verildiyini
diqqətə çatdırıb.
Nazirin bildirdiyinə görə, cari ilin əvvəlindən Daşkəsən, Gəncə və
Horadiz avtovağzallarının tikintisinə başlanılıb, Yevlax avtovağzal
kompleksinin tikintisi isə başa çatdırılaraq istifadəyə verilib:
"Çin və Azərbaycan hökumətləri arasında imzalanmış texniki-iqtisadi
əməkdaşlıq sazişi çərçivəsində Çin tərəfindən ayrılmış texniki
yardımlar hesabına ölkədə kommunal xidmət təyinatlı 163 nəqliyyat
vasitəsinin gətirilməsi təmin edilib".
Z. Məmmədov məlumat verib ki, 2012-ci ilin 9 ayı ərzində 362,8
kilometr, o cümlədən 77,5 kilometr respublika əhəmiyyətli, 285,3
kilometr yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında
11 körpü tikilib. Daxili investisiyalar hesabına Bakı-Ələt
avtomobil yolunun 2-4 kilometrlik hissəsi istismara verilib, bu
yolun 50-69 kilometr hissəsinin tikintisi, Gəndob-Rusiya
Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi,
Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yollarının
yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M2
Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının
əsaslı bərpa işləri həyata keçirilib.
Həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Quba-Qəçrəş, Şəki-Qax
və digər yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması
və əsaslı təmiri işləri aparılıb.
Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu, Kür
çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax,
Tağıyev-Sahil, Yevlax-Gəncə, Hacıqabul-Bəhramtəpə avtomobil
yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir və
Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi
işləri davam etdirilib.
Nazir bildirib ki, "Bakı şəhərində nəqliyyat sisteminin
təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər
Planı"na uyğun olaraq, Heydər Əliyev Beynəlxalq
Aeroportu-Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt M1-M2 magistralına çıxış
avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Ziya
Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə və
Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilib:
"Böyük Şor yol qovşağının üçüncü mərhələsi və
Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun birinci hissəsinin
layihəsi çərçivəsində uzunluğu 566 metr olan tunel istismara
verilib.
Buzovna-Mərdəkan-Qala, Zığ dairəsi-Beynəlxalq Aeroport avtomobil
yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi davam
etdirilməkdədir. Bakı şəhərində 75 kilometr yol əsaslı təmir
olunmuş və 5 yeraltı piyada keçidi istismara verilib.
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili
sahəsində bəzi tədbirlər haqqında" fərmanın icrası olaraq Nəqliyyat
Nazirliyinin elektron xidmət portalı yaradılıb və istifadəyə
verilib".