Sabah Bakıda 30 dərəcə isti olacaq

25 Sentyabr 2015 14:10 (UTC+04:00)

Sabah Bakıda 30 dərəcə isti olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 26-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.