Qurban bayramı günlərində heyvanların qanunsuz kəsimini aparanlar cəzalandırılır

25 Sentyabr 2015 14:15 (UTC+04:00)

Qurban bayramı ilə əlaqədar Bakıda heyvan kəsimi yerlərində aparılan reydlər zamanı şəhərin bəzi yerlərində bir sıra neqativ hallar aşkar olunub və onların qarşısının alınması üçün müvafiq tədbirlər görülüb.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBX) Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib.

A.Aslanovun sözlərinə görə, Qurban bayramı ilə əlaqədar İdarənin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində işləyir və paytaxt ərazisində reydlər keçirilir: "Müəyyən edilmiş daimi kəsim məntəqələrində, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi heyvan satışı yarmarkalarında işlər normal qaydada gedir. Problem yaradan küçə kənarlarında özbaşına heyvan kəsimi məsələsidir ki, bunlara da qarşı ciddi mübarizə aparırıq. Bəzi yerlərdə küçə kənarlarında heyvanların qanunsuz kəsimləri qeydə alınıb. Belə hallara, əsasən, paytaxtda Yeni Yasamal, "Qələbə" kinoteatrının yanı, həmçinin Qaraçuxur qəsəbəsində rast gəlinib. Bu halların hamısının qarşısı alınıb və dezinfeksiya işləri aparılıb".

İdarə rəisi qeyd edib ki, qanunsuz kəsim aparan şəxslərə qarşı isə cərimə sanksiyaları tətbiq olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Xatırladaq ki, Qurban bayramı ilə əlaqədar Bakının 5 rayonunda yarmarkalar təşkil edilib. Bundan əlavə, paytaxtın müxtəlif yerlərində 23-ə yaxın səyyar ət kəsimi məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı sentyabrın 24 və 25-də qeyd edilir.