Azərbaycanın olimpiadaya ayıracağı məbləğ açıqlandı

28 Sentyabr 2015 00:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun report-a verdiyi məlumata görə, Nazirlər Kabinetindən bu məqsədlə 8 milyon manat vəsaitin ayrılacağı gözlənilir.


Vəsaitin gələn ilin yanvar ayınadək köçürülməsi nəzərdə tutulub. Nazirliyin illik xərclərinə gəldikdə, M.Rəhimov bu rəqəmin 10 milyon manat civarında olacağının ehtimal edildiyini açıqlayıb:

"Biz olimpiadaya hazırlığı da nəzərə almaqla, illik xərclərimizi hökumətə təqdim etdik. Ümumilikdə 18-19 milyon vəsaitə ehtiyac duyulduğunu bildirmişdik. Hazırda təklifə Nazirlər Kabinetində baxılır və olimpiadaya hazırlığa 8 milyon manat ayrılacağı gözlənilir. Qalan vəsait isə illik xərclərimiz üçündür".


Nazirlik rəsmisi bildirib ki, illik xərclərə futbol və voleybol istisna olmaqla, bütün komanda və fərdi növlər üzrə yeniyetmələr, gənclər, böyüklərdən ibarət yığma komandaların təlim-məşq toplanışları, eləcə də rəsmi beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında iştirakları və sair daxildir.


Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hələlik 20 lisenziya qazanıb. Vəsiqələr güləş (11), kayak və kanoe (3), atletika (2), bədii gimnastika (1), akademik avarçəkmə (1), kanoe-slalom (1) və boks (1) növlərində əldə olunub. Olimpiada gələn il avqustun 5-dən 21-dək davam edəcək.