150 il sonra dənizlərdə həyat yox ola bilər

28 Sentyabr 2015 15:55 (UTC+04:00)

ABŞ-ın bir neçə universitetinin ekoloq və bioloqları həyəcan təbili çalmağa başlayıblar.

Movqe.az "Reuters" agentliyinə istinadən məlumat verir ki, amerikalı tədqiqatçılar gündən-günə artan insan fəaliyyətinin son nəticədə dənizlərdə həyatın yox olmasına gətirib çıxaracağını düşünürlər.

Alimlər bildiriblər ki, insanlar öz hərəkətlərinə nəzarət etməsələr və təbiəti qorumaq barədə düşünməsələr, 150 ildən sonra dünya okeanındakı canlılar və bitkilər məhv ola bilər. Tədqiqatçılar artıq okeanlarda həyatın yox olmasının ilk əlamətlərini də qeyd ediblər. Buna misal olaraq mərcan qayalıqları göstərilib. Okeanların həyat fəaliyyətində böyük rol oynayan mərcan qayalıqlarının artıq 40 faiz azaldığı qeyd edilib.

Onların fikrincə, dəniz faunasının məhv olmasında temperaturun yüksəlməsi da başlıca rol oynayır. Belə ki, dəniz canlıları yaşamaq üçün sərin yer axtarmağa məcbur olur.

Tədqiqatlar həmçinin göstərir ki, dəniz dibindən və okeanlardan faydalı mineralların çıxarılması suların çirklənməsinə səbəb olur. Bu isə dənizdə həyatın yox olmasına gətirib çıxara bilər.