Azərbaycanda televiziya aparıcısının meyiti tapılıb

11 Oktyabr 2012 18:01 (UTC+04:00)
Azərbaycanda televiziya işçisi naməlum şəraitdə ölüb.

Yevlax Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə oktyabrın 10-da qeydə alınıb. Rayonda fəaliyyət göstərən "EL" televiziyasının aparıcısı, 22 yaşlı Lətif Lətifovun meyiti yaşadığı evdə tapılıb. Meyitin üzərinə baxış keçirilərkən onun ürək nahiyəsindən aldığı 3 bıçaq xəsarətindən öldüyü müəyyənləşib.

Baş vermiş hadisə ilə bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. 

Onu da qeyd edək ki, mərhumun intihar etməsi və ya qəsdən öldürülməsi hələlik dəqiq məlum deyil. Hər bir halda L. Lətifovun ürəyindən 3 dəfə zərbə endirməsi inandırıcı deyil. Belə olan halda onun qətlə yetirilməsi də istisna edilmir.