Zəlzələyə davamlı yapon evi

29 Sentyabr 2015 13:15 (UTC+04:00)

Yaponiyanın "Hideaki Takayanagi Architects" memarlıq şirkətinin mütəxəssisləri ölkədə torpaq sahəsinin bahalığını nəzərə alaraq, kiçik ərazidə tikilə biləcək evin layihəsini hazırlayıblar.

Movqe.az xarici saytlara istinadən məlumat verir ki, "Life in Spiral" adlandırılan 4 mərtəbəli yaşayış evinin sahəsi 109 kvadratmetrdir. Ev bütünlüklə polad nazik təbəqələrdən quraşdırıldığından xeyli yüngüldür.

Ekspertlərin qənaətinə görə, ölkə ərazisində tez-tez zəlzələ baş verdiyindən bu tip evlərə ehtiyac daha çoxdur.

Binanın iki fasadı tamamilə şüşədən ibarətdir. Birinci mərtəbədə kabinet, ikincidə isə qonaq və mətbəx otaqları yerləşir. Ev 3-cü mərtəbəsində yataq və vanna, sonuncu mərtəbədə isə daha 2 yataq otağına malikdir.