Ali məktəblər Bakının mərkəzindən köçürülür

30 Sentyabr 2015 07:00 (UTC+04:00)

Paytaxtın mərkəzində fəaliyyət göstərən ali məktəblərin buradan şəhər kənarına köçrülməsi məsələsi vaxtaşırı gündəmə gəlir. Ekspertlərin böyük əksəriyyəti də bu qənaətdədir ki, hamısı olmasa da, universitetlərin bir qisminin Bakının ətraf ərazilərinə köçürülməsi məqsədəuyğun olardı. Bu, paytaxtın mərkəzi hissələrində sıxlıq və tıxac probleminin həlli baxımından da vacib sayılır.

Yayılan məlumatlar isə ali məktəblərin mərkəzi hissələrdən paytaxtın ətraf ərazilərinə köçürülməsinini istisnalıq təşkil etmədiyini göstərir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalama şöbəsinin müdiri Anar Bayramov ANS -ə açıqlamasında qeyd edib ki, paytaxtın mərkəzində fəaliyyət göstərən univeristetlər yaxın zamanlarda şəhərdən kənara köçürüləcək. Bununla bağlı təklif təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunan Böyük Bakının Regional İnkişaf Planında öz əksini tapıb: "Hazırda bununla bağlı müzakirələr aparılır.Planın Nazirlər Kabineti tərəfindən təsdiq olunmasını gözləyirik. Qərar verildikdən sonra müvafiq işlərə başlanılacaq".

Şöbə müdirinin sözlərinə görə, artıq Lomonosov adına Moskva Dövlət UniveristetininBakıdakı filialı şəhər ətrafına köçürülüb: "Univeristetlərin yeni binasının tikilməsi üçün hansı ərazilərdən torpaq ayrılması icra hakimiyyətlərinin səlahiyyətindədir. Təhsil müəsissələrinin köçürüldüyü ərazilərdə tələbələrin rahatlığı üçün dünya standarlarına uyğun yataqxanalar və tələbələrin ehtiyacalarını qarşılayacaq hər bir şəraitin yaradılması nəzərdə tutulur". Ekspertlər də bildirir ki, ali məktəblərin Bakıətrafı ərazilərə köçrülməsi ilk növbədə şəhərin mərkəz hissəsində sərnişin axınını azaldacaq və təhsilin səviyyəsinin artmasına səbəb olacaq. Çünki, Bakıətrafı ərazilərdə yerləşəcək ali məktəblərdə daha yüksək şərait yaradılması gözlənilir. Digər tərəfdən hazırda ali məktəblərin yerləşdiyi mövcud ərazilər yeni tələbə yataqxanalarının tikilməsinə imkan vermir. Amma tələbə yataqxanalarına hazırda böyük ehtiyac olduğundan bu məsələnin həllini tapması vacib sayılır. Universitetlərin Bakının ətrafına köçürülməsi fonunda yaradılacaq yeni infrastrukturda tələbə şəhərciyi salınması əsas məsələlər sırasında yer alır. Qeyd edək ki, universitetlərin şəhərin mərkəzindən kənarlara köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Məsələn, qonşu Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ekspertlər hesab edirlər ki, gələcəkdə ali məktəblərin şəhərin mərkəzindən kənara köçürülməsi baş versə, onda tələbələrin hərtərəfli rahatlıq və şəraitini təmin edəcək şəhərciklərin salınması da reallaşa bilər. Ali məktəblərin şəhərdən kənara köçürülməsi həm təhsilin inkişafına, həm də şəhəri yüklənmədən xilas etməyə kömək edər.

Azərbaycan ali məktəblərinin hər birində minlərlə tələbə təhsil alır. Köçürülmə isə böyük sayda artıq tələbənin Bakı ətrafında təhsil almasına gətirib çıxaracaq. Bu isə eyni zamanda Bakı ətrafının inkişafına, xidmət sektorunun, mənzil bazarının genişlənməsi, bir sözlə o ərazinin iqtisadi inkişafı deməkdir. Paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin və müəllimlərin öz şəxsi avtomobillərindən istifadə etməsi şəhərdə tıxacların yaranmasına şərait yaradır. Amma ali məktəb şəhərin kənarıda olanda başqa vəziyyət yaranır. Hesab olunur ki, plan həyata keçərsə, ilk növbədə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Neft Akademiyası, Azərbaycan İqtisad Universitetinin əsas korpusu paytaxtın ətraf ərazilərinə köçrülə bilər.