Oxucular qiymət üzündən kitablardan uzaq qaçır

30 Sentyabr 2015 09:00 (UTC+04:00)

Belə iddialar səslənir ki, kitabların baha qiymətə satılması da oxucuların azalmasına xeyli təsir göstərir. Satıcılar alıcların uzaq durmasında bu faktın da olduğun təsdiqləyirlər.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, professor Musa Qasımlı bildirdi ki, ölkəmizdə azad bazar iqtisadiyyatı mövcuddur: "Qiymətləri bazar tənzimləyir. Kitaba marağın azalması təkcə bizdə deyil, bütün dünyada müşahidə edilir. Rusiya, ABŞ, Türkiyə və digərlərində də söyləyirlər ki, kitab oxuyanların sayı azalıb. Bunun çoxlu səbəbləri vard.

Hər şeydən əvvəl, əvvəlki dövrlərdə indiki inkişaf səviyyəsi mövcud deyildi. O zaman insanlar biliklərə, məlumatlara kitab və qəzet oxumaqla, radionu dinləməklə və televizoru seyr etməklə yiyələnirdilər. İndi isə internet də mövcuddur. Az qala hər bir adamın planşeti, fərdi kompüteri var. Ona lazım olan məlumatları, hətta bəzi tarixi və bədii əsərləri intertendən oxuya bilir. İndi əlində qəzet tutanların da sayının azaldığını görərsiniz. İnsanlar artıq köşklərə getmirlər, evlərində oturub qəzet saytlarına daxil olub, istədiklərini oxuyurlar. Fikrimcə, bütün bunlara baxmayaraq, əldə kitab tutub oxumaq insana daha çox zövq verir. Təki, oxumağa yaxşı kitab olsun. Hər bir azərbaycanlı ailəsinin imkanları daxilində - az və ya çox olsun, fərq etməz - öz büdcəsindən övladları üçün müəyyən vəsaiti ayırması fayda verər. Bu, həm də gələcəkdə valideyn olacaq uşaqlara nümunə olar".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, bu mövzuya iki cür yanaşmaq lazımdır: "Birincisi, bəzi hallarda kitabların qiyməti süni şəkildə artırılır. Amma kitablarların bazarda alıcılıq qabiliyyəti az olduğuna görə xərcini doğrultmayacaq qədər ucuz qiymətə satıldığının da şahidi oluruq. Məsələn, bu il 500 tirajlı kitabın üz qabığı üçün çəkilən xərc keçən ilkindən 30-40% artıqdır. Yəni, kitabın qiymətinə mətbəə xərclərinin artması da təsir edir. Mətbəənin özü də qiymətin bahalaşmasını əsaslandırır. Avadanlıqlar, kağızlar xaricdən gəlir. Azərbaycan bazarı məhdud olduğundan sifariş də böyük olmur. Ona görə də qiymətini yüksək edirlər.

Digər məsələ, kitabın hazırlanmasında onun çapı, redaktəsi, müəllif xərcləri də yer alır. Elə kitab var ki, onun ortaya çıxmasında müəllif iki il əziyyət çəkir. Satışında isə iki illik əziyyətini ödəyəcək vəsait əldə edə bilmir. Daşınma xərclərini də nəzərə alsaq, bu sahədə gəlirlik aşağıdır. Ümumiyyətlə, kitab biznesi Azərbaycanda yüksək gəlirli sahə hesab olunmur. Burada çox vaxt xərc borcunu ödəmir. Amma bəzi kitablar, məsələn, abituriyentlərə aid kitablarda daha çox qazanmaq mümükündür. Ona görə də Azərbaycanda kitaba marağın az olması onun qiymətinin baha olmasına gətirib çıxarıb. Digər tərəfdən, bu gün Azərbaycanda çoxtirajlı çap olmur. Ancaq oxucu kütləsi geniş olan ölkələrdə tirajın həcmi böyük olur. Kitabın tirajı nə qədər çox olarsa, ona çəkilən xərin maya dəyəri o qədər aşağı düşür. Yəni, tirajın azlığı da kitabın baha olmasına şərait yaradır. Oxucu kütləsi geniş olarsa, kitablar da ucuzlaşar".