Qərb İŞİD-in məhvindən niyə qaçır?!

30 Sentyabr 2015 10:30 (UTC+04:00)

Dünyanın üzərini təhlükə alanda adətən dövlətlər birgə səylər nəticəsində ondan yaxa qurtara bilirlər. Əks halda, təhlükə daha da şiddətlənir. Hazırda heç kimə sirr deyil ki, dünya İŞİD kimi terror təhlükəsi ilə qarşı-qarşıyadır. Bu fonda Rusiya kimi bəzi dövlətlər İŞİD-ə qarşı mübarizədə səyləri birləşdirməyi təklif edir. Bunu Rusiya prezidenti Vladimir Putinin BMT-nin yubiley iclasındakı çıxışından da sezmək olar.

Bu çıxışında o, sözügedən bəladan xilas olmaq üçün birgə addımlar atılmasının vacibliyini vurğuladı. Lakin ABŞ və digər Qərb ölkədəri geosiyasi maraqlar üzündən Suriyada İŞİD-ə qraşı Rusiya ilə birgə mübarizədən yayınmağa üstünlük verir.

Politoloq Mais Gülalıyev zənn edir ki, Qərb İŞİD-in məhvində maraqlı olmadığından, ona qarşı mübarizədə Rusiya ilə birgə fəaliyyətdən qaçır: "Doğrudan da, İŞİD dünyada təhlükəsizliyə təhdiddirsə, bütün qüvvələrlə əməkdaşlıq edərək, Amerika onun məhv edilməsinə çalışmalıdır. Lakin görürük ki, o, bu əməkdaşlıqdan qaçır. Digər tərəfdən, İŞİD-in yaranması, son bir ildəki fəaliyyəti, Yaxın Şərqdə baş verən hadisələrin hamısı göstərir ki, ABŞ-ın İŞİD-lə birbaşa əlaqəsi var. Aydın müəyyən etmək mümkündür ki, kim İŞİD-i silahlandırır. İŞİD-i kimlərin informasiya, kosmik məlumatlarla təmin etdiyi də bəlli məqamlardır.

Bunlar artıq dünyaya aydın olan və izaha ehtiyacı olmayan məsələlərdir. Təbii ki, ABŞ bu reallıqdan qaça bilməz. Dünya və Rusiya artıq bu məsələdə onu kifayət qədər divara dirəyib. Rusiya İŞİD-ə qarşı mübarizədə səyləri birləşdirməyi təklif edir. Sadaladığım bu amillər sübut edir ki, ABŞ İŞİD-lə kifayət qədər əlaqəli fəaliyyət göstərir. Bununla da Vaşinqton bir neçə məqsədə nail olmağa çalışır. Onlar Yaxın Şərqdə nə qədər mümkündürsə, təhlükə ocağı formalaşdırmaq, xalqları qorxu altında saxlamaq niyyətindədirlər. İkinci bir tərəfdən, belə vəziyyət yaratmaqla nə qədər mümkündürsə, çoxlu miqdarda silah satmaq barədə düşünürlər. Bu yolla da böyük miqdarda maliyyə vəsaiti əldə edirlər. Üçüncü bir tərəfdən, Qərb bu məsələdə İslam faktorundan istifadə etməklə İslam dinini və ölkələrini dünyada təhlükə faktoru, ocağı kimi formalaşdırmağa və İslamı dəyərləri məhv etməyi düşünür. Bütün bunlar bir daha sübut edir ki, ABŞ İŞİD terrorunun məhv edilməsində maraqlı deyil".

Politoloq Elşən Manafov qeyd etdi ki, İŞİD ABŞ maraqlarının təminatı istiqamətində vasitə rolunda çıxış etdiyindən, Vaşinqton ona qarşı mübarizədə birgə səylərə qarşı çıxır: "Qərbin İŞİD-ə qarşı mübarizədə maraqlı olmamasına BMT-nin son toplantısında Rusiya prezidenti Vladimir Putin birmənalı şəkildə aydınlıq gətirdi. Rusiyanı Ukrayna hadisələrinə və postsovet məkanındakı bir sıra proseslərə görə ittiham edən Qərbə Kreml rəhbəri açıq mesaj verdi ki, İŞİD-i kim yaradıb, kim maliyyələşdirir? Liviya və Suriyada bu gün yaşanan böhranın səbəbləri nədir? Niyə İŞİD-ə qarşı terror əməliyyatı günün tələbləri səviyyəsində aparılmır? Nədən bu gün İŞİD-in imkanları 8 milyard dollara çatıb?

Heç şübhəsiz, bu məsələyə ABŞ-ın yeni dünya nizamı ilə bağlı maraqları kontekstində aydınlıq gətirmək lazımdır. Vaşinqton dünyanın ayrı-ayrı ölkələrinə demokratiya dərsi keçmək adı altında özlərinə müvafiq olan siyasi modelləri cəmiyyətlərə sırıyır. Əslində, rəngli inqilabların həyata keçməsinə nail olmaqla ABŞ-ın dünyanın müxtəlif bölgələrində maraqlarına cavab verə biləcək siyasi elitaların hakimiyyətə gətirilməsinə çalışırlar. Bunu postsovet, postkommunizm məkanında da, Yaxın və Orta Şərqdə də izlədik. "Ərəb baharı"nın gedişində məhz ABŞ-ın maraqlarına cavab verən siyasi elitalar bir çox ölkələrdə hakimiyyət başına gətirildi. Misirdə "Müsəlman qardaşları" ABŞ-ın marağına cavab vermədiyindən, tezliklə hakimiyyətdən kənarlaşdırıldı. ABŞ-ın yeni dünya nizamı ilə bağlı maraqları, fəaliyyəti artıq beynəlxalq xarakter kəsb edən terrorçu təşkilatlara qeyri-dolayısı yolla siyasi dəstək verməyə sövq edir. İŞİD-in perspektivdə fəaliyyətinin postsovet məkanına keçmək ehtimalı böyükdür. Onlar hətta Rusiya və Azərbaycanı da hədələyirlər.

İŞİD bir növ ABŞ-ın əlində geosiyasi maraqlarının həyata keçməsi üçün vasitə rolunda çıxış edir. Ona görə də Putin qeyd etmişdi ki, bu gün beynəlxalq terrorizmə qarşı mübarizə Rusiya, Çin, hətta Avropa dövlətlərinin əməkdaşlığı sahəsində mümkündür. ABŞ da bunu gözəl anlayır".