Bələdiyyələrin birləşməsi prosesinə başlanandan sonra bu istiqamətdə müsbət nəticələr var. Hesab edirəm ki, zaman keçdikcə bu nəticələr özünü daha çox göstərəcək. Bu fikirləri parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev dilə gətirib.
Onun dediyinə görə, ilk əvvəllər bələdiyyə qanunvericiliyi yaradılarkən belə bir müddəa vardı ki, vətəndaşların rəyindən asılı olaraq hər bir yaşayış yerində bələdiyyələr yaradıla bilər.
Millət vəkili qeyd edib ki, bu səbəbdən o dövrdə 2757 bələdiyyə fəaliyyət göstərirdi. T.Rzayevin fikrincə, amma kiçik bələdiyyələrin maddi-texniki bazasının olmaması səbəbilə onların fəaliyyəti qənaətbəxş sayıla bilməzdi, onların kadr potensialı zəif idi, ödənişləri yığa bilmirdilər və digər problemlər var idi:
"O səbəbdən də bələdiyyələrin birləşdirilməsi zərurəti ortaya çıxdı. Bu çox düzgün proses idi. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq belə bir addımın atılması bələdiyyələrin gələcək fəaliyyəti üçün bir stimul sayıla bilərdi.
Bu baxımdan bələdiyyələrin birləşməsi ən vacib məsələlərdən biri sayıla bilər. 1000-dən artıq bələdiyyə birləşdi və bu gün ölkəmizdə 1718 bələdiyyə fəaliyyət göstərir. Bir mütəxəssis kimi deyə bilərəm ki, bu da çoxdur.
Fikrimcə, birləşmə prosesi davam etməlidir və bunun əsasında daha nümunəvi bələdiyyələr yaradılmalıdır. Bununla yanaşı, bələdiyyələrə istiqamət verən, metodik yardım göstərə bilən hansısa bir qurum lazımdır.
Düzdür, bu məqsədlərə xidmət edən şəhər, qəsəbə və kənd bələdiyyələrinin assosiasiyaları yaradıldı. Bu çox normal və qanunauyğun bir hal sayılmalıdır. Bütün ölkələrdə bu tip qurumlar fəaliyyət göstərir.
Bu qurumların yaradılması bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə yaxından kömək göstərir. Digər tərəfdən, bu assosiasiyalar beynəlxalq təcrübənin öyrənilməsində, beynəlxalq təşkilatların toplantılarında iştirak etməkdə və bu təcrübəni yerli bələdiyyələrə çatdırmaqda mühüm rol oynayır".