Elman Rustəmov: «Bu il Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 mlrd. dolları ötəcəyi proqnozlaşdırılır»
11 Oktyabr 2012 21:02 (UTC+04:00)
Bu ilin 9 ayında
Azərbaycanın qeyri-neft sektoru 10%-dən artıq yüksəlib və
ümumiyyətlə son 4 ildə qeyri-neft sektorunun ÜDM-də payı 5 faiz
bəndindən çox artıb.
"APA-ECONOMICS"in məlumatına
görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetinin
2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında bəyan edib.
E.Rüstəmov bildirib ki, Azərbaycan orta gəlirli dövlətlər qrupunda
öz mövqeyini daha da möhkəmləndirib. Manatın paritet qiymətlərdə
adambaşına düşən ÜDM həcmi 10 min dolları ötüb və bu göstəriciyə
görə Azərbaycan dünyanın 100 ölkəsini geridə qoyur.
Ölkənin ticarət və tədiyyə balansının strukturunda da şaxələnməni
əks etdirən xarakterik proseslər gedir. İxracın həcmi idxalın
həcmindən 3 dəfə böyükdür. Qeyri-neft əmtəə və xidmət ixracı da
cari ilin sonuna təxminən 5 mlrd. dollar həcmində gözlənilir.
Xidmətlər ixracı da böyüyür və cəmi qeyri-neft ixracının 60%-nə
bərabərdir. Tədiyyə balansında ilin sonuna 16-17 mlrd. dollar
həcmində profisit gözlənilir, strateji valyuta ehtiyatlarının 50
mlrd. dolları ötəcəyi proqnozlaşdırılır. Strateji ehtiyatlar ÜDM-in
70%-nə çatır ki, bu göstərici üzrə ölkə dünyada ilk
15-likdədir.
E.Rüstəmov bildirib ki, cari ilin 9 ayında investisiyalar 27%, o
cümlədən qeyri-neft sektorunda 31% artıb. Qeyri-neft sektoruna
birbaşa xarici investisiyalar da artır ki, onun həcmi bu il 1 mlrd.
dollar həcmində gözlənilir. Bundan başqa, ötən 9 ayda büdcə
xərcləri 27%, o cümlədən investisiya xərcləri 20% artıb. Qeyri-neft
vergi daxilolmaları 14% artıb. Büdcə proqnozları tam yerinə
yetirilir və profisit müşahidə olunur.
AMB sədri bəyan edib ki, ölkədə məşğulluq səviyyəsi 95% təşkil edir
və 2008-ci ilin əvvəlindən 430 mindən çox yeni iş yeri yaradılıb.
Təkcə cari ilin 9 ayında 94 min yeni iş yeri açılıb. Əhalinin real
pul gəlirləri ötən 9 ayda 12% artıb, 2008-ci ildən isə bu artım 2
dəfə olub.
E.Rüstəmovun sözlərinə görə, Azərbaycanda müşahidə olunan sabitlik
və dayanıqlığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən
makroiqtisadi strategiya və siyasətdir. "Azərbaycan qlobal riskləri
qarşılamaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Ölkənin
uğurlu böhran qarşılaması təcrübəsi və böyük maliyyə ehtiyatları
var. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi
daxili məhsulun cəmi 8%-ni təşkil edir, valyuta ehtiyatlarımız isə
xarici dövlət borcunu 9 dəfə üstələyir", - deyə baş bankir
bildirib.
Mərkəzi Bankın rəhbəri onu da qeyd edib ki, inflyasiya artıq
təkrəqəmlidir, orta illik inflyasiya isə cəmi 1,5% təşkil edir.
Əmək haqqının artım tempi inflyasiya tempini 7 faiz bəndi
üstələyir. Həmçinin bildirilib ki, bu ilin iyun-sentyabr aylarında
dünya ərzaq qiymətləri 8% artsa da, ərzağın yerli istehsalının
artması hesabına qiymət sabitliyinə müsbət təsir göstərib.
Bank sektoruna gəlincə E.Rüstəmov qeyd edib ki, bankların
kapitallaşma səviyyəsi yüksəkdir, risklərə qarşı kifayət qədər
ehtiyatlar mövcuddur. Cari ildə bankların kapitalı 18%, son 4 ildə
49% artıb. Bank aktivləri cari ildə 11%, son 4 ildə isə 51% artıb.
Bank aktivlərinin qeyri-neft ÜDM-ə nisbəti 65% təşkil edir.
Əhalinin müddətli əmanətlərində cari ildə 8%-dən çox artım olub və
dünya iqtisadi böhranının başlandığı dövrdən indiyədək əhalinin
əmanətləri 2,3 dəfə yüksəlib. Bank aktivlərinin maliyyələşməsində
xarici borcun payı son 4 ildə 20%-dən 13%-dək azalıb. Sektorun
likvid aktivləri xarici borc öhdəliklərini 100%-dən çox ötür.
E.Rüstəmov bəyan edib ki, bank sektorunun sabitliyi və inkişaf
prioritetləri bankların kapitalına tələbin 5 dəfə artırılaraq 50
mln. manata çatdırılmasını zəruri edib. Bu, bankların risklərə
dözümlülüyünü, maliyyə vasitəçiliyi dərinliyini və effektivliyini
artıracaq: "Bank sektorunun iqtisadiyyatın artan miqyasına
uyğunlaşması təmin ediləcək. Kiçik və sağlam bankların isə maliyyə,
texnoloji, institusional konsolidasiyasına şərait yaranacaq,
onların rəqabət qabiliyyəti güclənəcək".