Vladimir Putin: Azərbaycan və Rusiyanın fəaliyyət potensialını artırmaq üçün bütün imkanları var

30 Sentyabr 2015 14:53 (UTC+04:00)

Rusiya-Azərbaycan Regionlararası Forumu ötən illər ərzində öz nüfuzunu möhkəmləndirib və getdikcə özündən iki ölkənin həyatında böyük, vacib hadisə kimi bəhs etdirir. Movqe.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına və qonaqlarına ünvanladığı müraciətində deyilir.


Müraciəti forumun açılışında Rusiya Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Vladimir Çernov oxuyub.


VI Rusiya-Azərbaycan Regionlararası Forumu Yekaterinburqda Beynəlxalq Sərgi Mərkəzində işinə başlayıb. Forumun təşkilatçıları qismində Rusiyanın İqtisadiyyat və İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat və Sənayesi Nazirliyi çıxış edirlər.


Müraciətdə deyilir: "Forum Rusiya və Azərbaycanın hakimiyyət orqanları rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış alimlərin, siyasətçilərin, mədəniyyət xadimlərinin, işgüzar və ekspert ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb edir, sənaye və kənd təsərrüfatında, energetika, turizm sahələrində, eləcə humanitar əlaqələrin möhkəmləndirilməsində tərəfdaşlığımız üçün əhəmiyyətli olan perspektivli ideya və layihələrin geniş spektri üzrə fikir mübadiləsi aparmaq üçün ehtiyac duyulan məkan sayılır".


Dövlət başçısının sözlərinə əsasən, qarşılıqlı fəaliyyətin potensialını artırmaq və ona əlavə təkan vermək üçün Azərbaycan və Rusiyanın bütün imkanları var.


Forum çərçivəsində ekspert görüşləri və "dəyirmi masa"lar keçiriləcək. Həmin görüşlərdə sənaye və işgüzar dairələrin nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələri üzrə müəssisələrin rəhbərləri, sərhədyanı ərazilərin administrasiya rəhbərləri nəqliyyat, rabitə, turizm, humanitar və təhsil sahələrində inteqrasiya əlaqələrinin inkişafı və əməkdaşlığın dərinləşməsi problemlərini müzakirə edəcəklər.


Azərbaycan və Rusiya regionlarının birbaşa təmaslarına xüsusi diqqət yetiriləcək.