Azərbaycan dilində danışan kamikadze Əfqanıstandakı ABŞ hərbi bazasında dəhşətli partlayış törədib
11 Oktyabr 2012 18:43 (UTC+04:00)
Azərbaycan dilində danışan kamikadzenin Əfqanıstanda koalisiya
qüvvələrinə məxsus hərbi bazanı partlatmasını əks etdirən video
görüntülər ortaya çıxıb. APA-nın əldə etdiyi həmin video görüntülərdə Əbu Ömər Ləzgi
ləqəbli mücahidin Əfqanıstanda ABŞ qüvvələrinə qarşı cihad edərək,
onlara məxsus hərbi bazanı partlatması əks
olunub. Hadisə 2008-ci il noyabr ayının 21-də baş verib.
Əbu Ömər Ləzgi ləqəbli mücahid 3 ton partlayıcı ilə yüklənmiş
avtomobili Əfqanıstanın Host vilayətində koalisiya qüvvələrinə
məxsus hərbi bazanın yaxınlığına sürərək orada partladıb. Baş verən
güclü partlayış nəticəsində mücahid özü və 40 ABŞ hərbçisi həlak
olub. Mücahidlər bu partlayışı və partlayışa qədər olan
hadisələri anbaan video lentə alıblar. Belə ki, video görüntülərdə
Azərbaycan dilində ləhcə ilə danışan mücahidin partlayıcını necə
hazırlaması, xəritədə koalisiya qüvvələrinə məxsus hərbi bazanın
yerinin hansı şəkildə təsbit edilməsi və partlayış gerçəkləşməzdən
əvvəl onun digər mücahid yoldaşları ilə vidalaşmasını əks etdirən
səhnələr yer alıb. Video görüntülərdə Azərbaycan dilində danışan
mücahid İslam dini uğrunda mübarizə apardığını, İslama qarşı çıxan
ABŞ qüvvələrinə qarşı cihad etdiyini bəyan edir. Video görüntüdə mücahidin pasport adı (əsl adı) və
vətəndaşlığı barədə heç bir qeyd yoxdur. Onun Azərbaycanın, Rusiya
Federasiyasının (cənub bölgəsi) və ya İranın vətəndaşlığını
daşıyıb-daşımadığı da məlum deyil. Lakin əvvəllər də yayılmış bəzi
məlumatlara görə, bu cür mücahidlər İran ərazisindəki xüsusi
düşərgələrdə təlimlər keçdikdən sonra, Əfqanıstan və Pakistanda
koalisiya qüvvələrinə qarşı döyüşlərə göndərilir. Qeyd edək ki, buna qədər Əfqanıstanda vuruşan
azərbaycanlı mücahidlərin ölümü ilə bağlı bir neçə fakt məlum idi.
Belə ki, 2009-cu ildə radikal dini təmayüllü dəstə yaradaraq,
beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır
cinayətlərdə ittiham olunan "Abdulla" ləqəbli Azərbaycan vətəndaşı
Azər Misirxanov Əfqanıstanda ABŞ qüvvələri tərəfindən silahlı
birləşmələrə qarşı həyata keçirilən əməliyyat zamanı öldürülüb.
Həmin hadisə də məhz Əfqanıstanın Host vilayətində qeydə alınıb.
Məlumata görə, silahlı qruplardan birinin əmiri olan A.
Misirxanovun Qurban bayramı vaxtı Əfqanıstanda iştirak etdiyi
bayram mərasimlərindən biri ABŞ təyyarələrinin bombardmanına məruz
qalıb. Bombardman nəticəsində xeyli insan ölüb və yaralanıb.
Ölənlər arasında A. Misirxanovun da olduğu məlum olub. Onun öldüyü
barədə ailəsi də məlumatlandırılıb. A. Misirxanovun ölməsi xəbərini
ailə üzvləri də təsdiqləyiblər. A. Misirxanovun qardaşı Abbas
Misirxanov bildirib ki, ölüm xəbərini onlara Azərin Türkiyədə
yaşayan həyat yoldaşı verib. "Ona da Azərin silahdaşları məlumat
veriblər. Ancaq Azərin nə vaxt, hansı şəraitdə öldürüldüyü barədə
heç bir məlumatlımız yoxdur. Təkcə onu bilirik ki, Əfqanıstanda
öldürülüb", - deyə Abbas Misirxanov bildirib.