Suyun qaynadılaraq içilməsi səhhətimizə necə təsir edir?!

1 Oktyabr 2015 11:15 (UTC+04:00)

Azərbaycanda əksər ailələr hələ də suyu qaynadaraq içir. Amma Avropa ölkələrinin böyük əksəriyyətində vəziyyət fərqlidir. Burada krantdan axan suyu çəkinmədən asanlıqla qəbul edirlər.

Su İstehlakçıları İctimai Birliyinin sədri Dövlət Məmmədov suyun qaynadılaraq içilməsinin tərəfdarıdır. Amma bununla yanaşı, o bildirdi ki, həmin su ardıcıl olaraq bir neçə dəfə qaynadılmamalıdır. Həmsöhbətimizin fikrincə, dağ suları çiy vəziyyətdə içilməlidir: "Dədə-babadan insanlarımız suyu qaynadaraq içib. Bulaq olmayan yerdə, yəni, Aran sahəsində yaşayanlar əsasən belə edirlər. Suyu da ona görə qaynadıb içirdilər ki, tərkibindəki orqanizmə ziyan vuran bakteriyalar ölsün. Qaynatmaqla həm də suyun gətirə biləcəyi xəstəliklərdən xilas olmağı da düşünürlər.

Hazırda krantdan gələn suyu da çox zaman əhali qaynadaraq içir. Suyu qaynadaraq içməyin heç bir ziyanı yoxdur. Əksinə, bununla onun tərkibində insan orqanizminə zərər verə biləcək bakteriyalardan yaxa qurtarırlar. Çünki su qaynayanda həmin bakteriyalar məhv olub gedir. Ancaq su bir dəfə qaynadılmalıdır, onun ardıcıl olaraq bir neçə dəfə qaynadılması suyun tərkibindəki bütün mineralların çıxmasına, onun artıq ölü suya çevrilməsinə gətirib çıxarır. Yəni, su ağırlaşır. Belə vəziyyət isə gələcəkdə insan orqanizmi üçün fəsadlar yarada bilər. Dağ yerindən qablaşdırılıb gətirilən butulka sularını isə çiy vəziyyətdə içmək lazımdır. Su vasitəsilə insan orqanizminə həm oksigen, həm də minerallar gedir. Yəni, orqanizmə tələb olunan minerallar çiy su vasitəsilə keçir. Belə suyu qaynatmağa ehtiyac yoxdur. Şəhərdəki kiçik sexlərdə qablaşdırılan suları isə yaxşı olar ki, qaynadaraq içsinlər".

Tibb elmləri doktoru Adil Qeybulla qeyd etdi ki, suyun qaynadılmış halda içilməsi orqanizmin mineral ehtiyatlarında defisitin yaranmasına gətirib çıxarır: "Sabirabadın Talış kəndində xüsusi bioloji süzgəclər var idi. Bilirsiniz ki, Abşeronun böyük hissəsinin su təchizatı Kür çayı vasitəsilə həyata keçir. Bura su məhz həmin süzgəclərdən keçib gəlirdi. Lakin artıq həmin süzgəclər tamamilə sıradan çıxıb. Hazırda suyu xlorlaşma ilə təmizləyirlər. Təcrübə və analiz göstərir ki, suyun tərkibində xeyi ağır metal, müxtəlif zəhərli maddələr mövcuddur. Araz çayının Ermənistandan keçən hissəsindən xeyli zavodun kimyəvi və zərərli tullantılarını bu çaya axıtdırması suyun tərkibini xeyli dərəcədə çirkləndirib.

Bu gün Azərbaycanda krantdan gələn içməli su beynəlxalq standartlara tam cavab vermir. Ona görə də yaxşı olardı ki, ev şəraitində onlar filtirdən keçirilsin, daşdan süzülsün. Yaxud da suyun girişinə filtirlər qoyulmalıdır. Bu yolla ən azından suyun tərkibinin təmizlənməsinə nail olmaq lazımdır. Bununla belə içməli su qismində daha çox mağazalarda satılan sulardan istifadə olunmalıdır. Ona imkanı çatmayanlar isə filtr və ya daşdan süzməklə suyun tərkibini təmizləyib onu içsələr daha yaxşı olar. Belə olarsa, ağır metallar, duzlar orada ilişib qalacaq.

Qaynanmış su xeyli dərəcədə mineralların itirilməsi deməkdir. Belədə həmin suyun içilməsinin faydası olmur. Çünki bu suyun içilməsi orqanizmin mineral ehtiyatında defisit yaranmasına gətirib çıxara bilər".