BSU-da Dr. Cavad Heyətlə görüş
12 Oktyabr 2012 20:16 (UTC+04:00)
12 oktyabr 2012-ci ildə BSU-nun Azərbaycanşünaslıq
tədris-mədəniyyət mərkəzinin təşkilatçılığı ilə görkəmli alim,
tanınmış türkoloq, "Varlıq" dərgisinin baş redaktoru, Paris
Cərrahlar Akademiyasının fəxri üzvü Dr. Cavad Heyətin "Dilimiz,
ədəbiyyatımız və kimliyimiz uğrunda" kitabının təqdimat mərasimi
keçirildi.
Universitetin tədris işləri üzrə prorektoru professor A.Hacıyev
çıxış edərək tədbir iştirakçılarını salamladı. Dr. Cavad Heyətin
həyat və fəaliyyəti haqqında danışaraq, "Dilimiz, ədəbiyyatımız və
kimliyimiz uğrunda" kitabını dilimiz, mədəniyyətimiz,
ədəbiyyatımız, ümumiyyətlə, türkçülüyün qiymətli əsəri adlandırdı.
Çıxışında universitetin rektoru prof. Kamal Abdullayevin
təbriklərini professora çatdıraraq onun universitetimizin fəxri
qonağı olduğunu bildirdi.
Pedaqoji fakültənin dekanı prof. E.Piriyev çıxışında "Varlıq"
dərgisinin əhəmiyyətindən söhbət açdı. "Dilimiz, ədəbiyyatımız və
kimliyimiz uğrunda" kitabına dilçilik aspektindən yanaşaraq onu
Azərbaycan dilçiliyi üçün son dərəcə qiymətli əsər olduğunu
söylədi.
Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin böyük elmi işçisi
f.e.n. G.Əliyeva da çıxışında dr.C.Heyətin dilçiliyə aid əsərləri
üzərində dayanaraq onun "Türk dili və ləhcələrinin tarixinə bir
baxış" əsərini Mahmud Kaşğarlının, "İki dilin müqayisəsi" əsərini
Əlişir Nəvainin "Mühakimət-ül lüğəteyn" əsəri ilə müqayisə
etdi.
Tədbirdə həmçinin Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin
əməkdaşı R.Əliyev çıxış edərək "Varlıq" dərgisinin Cənubi
Azərbaycan jurnalistikasına böyük töhfə olduğunu qeyd etdi, Lüğət
mərkəzinin ETL müdiri T.Şükürbəyli də çıxışında onu Qorqud Ata
adlandırdı.
Sonda Prof. Dr. Cavad Heyət tədbiri təşkil edən universitet
rəhbərliyinə təşəkkürünü bildirdi. Özünün "Dilimiz, ədəbiyyatımız
və kimliyimiz uğrunda" kitabı haqqında danışaraq burada 60
məqaləsinin toplandığını qeyd etdi, kitabın fəsilləri haqqında qısa
danışdı.
Tədbirin sonunda tədris işləri üzrə prorektor prof. A. Hacıyev
2012-ci ildə Bakı Slavyan Universitetinin elmi şurasının qərarı ilə
"Filoloqun kitabxanası-100" layihəsi çərçivəsində nəşr olunmuş
Cavad Heyətin təqdimatında Bertran Rasselin "Qərb fəlsəfəsi tarixi"
adlı kitabı haqqında da məlumat verdi.