İlham Əliyev Ucarda yol-istirahət mərkəzində yaradılan şəraitlə tanış olub

6 Oktyabr 2015 21:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfəri çərçivəsində "Fermer" yol-istirahət mərkəzində yaradılan şəraitlə də tanış olub.


Dövlətimizin başçısına məlumat verildi ki, kompleks 3 hektar ərazidə salınıb. İki hissədən ibarət olan kompleksin birinci hissəsinə Bakı-Gəncə magistral yolunun kənarında yerləşən yarmarka tipli satış məntəqəsi daxildir. Ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka Ucar və ətraf rayonlardan olan vətəndaşların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rahat, heç bir müdaxilə olmadan istehlakçılara əlverişli şərtlərlə çatdırmalarına geniş imkan yaradır. Bundan əlavə, yarmarkada 24 saat fəaliyyət göstərən aptek və market də var. Ümumilikdə layihə çərçivəsində 80-ə yaxın sakin işlə təmin olunacaq.


Kompleksin ərazisində süni göl yaradılıb, istirahət binaları tikilib. Koteclərdən 2-si mətbəx olmaqla, 3-ü bir otaqlı, 1-i iki otaqlı, 1-i isə dörd otaqlıdır. Burada xüsusi qonaq evi də tikilib. Kompleksdəki 80 nəfərlik banket zalında həm müəssisənin işçilərinə, həm də Ucar sakinlərinə xidmət göstəriləcək. Ərazidə geniş yaşıllıq zolağı salınıb, istirahət üçün bütün şərait yaradılıb.