Azərbaycanda baxımsız uşaqlar üçün sığınacaq yaradılır

14 Oktyabr 2015 10:54 (UTC+04:00)

Azərbaycanda ilk dəfə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında baxımsız uşaqlar üçün sığınacaq müəssisəsi yaradılır. Movqe.az-ın məlumatına görə, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.


O, hesab edir ki, bu müəssisə istifadəyə verildikdən sonra baxımsız uşaqlarla işləmək daha rahat olacaq, onların valideynlərini müəyyən məsuliyyətlərə cəlb etmək imkanları artacaq.


Həmin müəssisənin yaradılmasını çox vacib sayan A.Sofiyeva əlavə edib ki, sığınacaqlar olduqdan sonra baxımsız uşaq aşkar edilən kimi onu həmin mərkəzlərə yerləşdirmək və problemini dərindən öyrənmək mümkün olacaq: "Uşağı həmin yerə yerləşdirdikdən sonra bir neçə gün ərzində onun problemləri ilə məşğul olmaq mümkün olacaq. Əgər uşaq kimsəsizdirsə, o, dövlət müəssisəsinə, valideyni varsa, valideyninə təhvil veriləcək. Bu halda valideynə xəbərdarlıq və ya onu məsuliyyətə cəlb etmək olar".


Azərbaycanda 4-5 il əvvəl UNICEF ilə birgə baxımsız uşaqlarla bağlı tədqiqatlar apardıqlarını deyən qurum rəsmisi qeyd edib ki, gələn il növbəti araşdırmanın aparılması planlaşdırılır.


Komitənin Azərbaycanda şikəst uşaqların dilənçiliyə cəlb edilməsi halları ilə rastlaşdığını da deyən A.Sofiyevanın sözlərinə görə, belə halların baş verməməsi məqsədilə komitə tərəfindən valideyn məsuliyyətinin artırılması ilə bağlı hazırlanmış təkliflər artıq qanunvericiliyə daxil edilib. Qanunvericiliyə əsasən, valideyn uşağını küçə həyatına məruz, eyni zamanda nəzarətsiz qoyduqda ona qarşı müəyyən cəza tədbirləri tətbiq edilə bilər.