İlham Əliyev: "Bəzi ölkələrdə islam müqəddəslərinin təhqir edilməsi bizi hiddətləndirir"
16 Oktyabr 2012 19:50 (UTC+04:00)
"Bəzi ölkələrdə İslamafobiya meyllərinin güclənməsi, İslam
müqəddəslərinin təhqir edilməsi bizi narahat edir, hiddətləndirir".
Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq
Təşkilatının Bakıda keçirilən XII zirvə toplantısında açılış
nitqində söyləyib.
Prezident İlham Əliyev Azərbaycanın ECO-nun fəaliyyətinin
genişləndirilməsi üçün əlindən gələni edəcəyini bildirib: "Bu zirvə
görüşü çox əlamətdar tarix ərəfəsində baş verir. 1992-ci ilin
noyabrında ECO-ya 7 yeni üzv daxil olub ki, onlardan biri də
Azərbaycan idi. Azərbaycan öz fəaliyyətində ECO-ya daim böyük önəm
verib. Bizi həm ortaq tarix, həm də siyasi və iqtisadi maraqlar
birləşdirir. Hesab edirəm ki, təşkilatımızın bu tarixi irs üzərində
formalaşması böyük ənənədir. Biz çalışırıq ki, İslam mədəniyyətinin
təbliği istiqamətində fəaliyyətimizi gücləndirək. 2018-ci ildə
Azərbaycanın Naxçıvan şəhəri islam mədəniyyəti paytaxtı
olacaq".
Prezident ötən il Azərbaycanın ECO-ya üzv dövlətlərin də dəstəyi
ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini
xatırladıb: "Azərbaycan da öz növbəsində ECO-ya üzv dövlətlərin
maraqlarının beynəlxalq təşkilatlarda qorunmasında səylərini
göstərir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ECO-ya üzv ölkələrin
mövqeyini yüksək qiymətləndiririk".
Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən prezident bildirib
ki, münaqişə nəticəsində azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti aparılıb: "Ermənistan BMT-nin məlum qətnamələrini yerinə
yetirmir. 1992-ci ildə ermənilər tərəfindən Xocalı soyqırımı
törədilib. Artıq üç dövlət bu soyqırımı rəsmən tanıyıb və onlardan
biri ECO-ya üzv ölkə Pakistandır. Azərbaycanın ərazi bütövlüyü
müzakirə mövzusu olmayıb və ola da bilməz. Əlbəttə ki, bu işğal və
ədalətsizlik bizim iqtisadiyyatımıza da zərbə vurub".
Dövlət başçısı çıxışında Azərbaycandakı iqtisadi və sosial
inkişafdan da danışıb: "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv
ölkələrlə ticarət dövriyyəsi 2011-ci ildə 38, cari ilin 9 ayında
isə 20 faiz artıb. Azərbaycan ECO Bankın səhmdarıdır və üzv
ölkələrdə həyata keçirilən vacib layihələrdə həm bank vasitəsi ilə,
həm də investor kimi iştirak etmək niyyətindədir. Biz yeni
bazarlara çıxmaq üçün araşdırma işləri aparırıq. İnvestisiya
yatırmaq üçün özümüzə dost-qardaş bildiyimiz ölkələrə üz
tuturuq".
Prezident bildirib ki, malik olduğu coğrafi mövqe Azərbaycanın
nəqliyyat sahəsində regional mərkəzə çevrilməsinə imkan verir: "Bu
yaxınlarda tikintisi başa çatacaq Bakı-Tiflis-Qars dəmir yolu
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri birləşdirəcək".