Sentyabrda Azərbaycanda inflyasiya 0,3% səviyyəsində olub

15 Oktyabr 2015 14:00 (UTC+04:00)

Bu ilin sentyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,6%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,3% bahalaşıb.

Ay ərzində düyü, qarabaşaq yarması, makaron məmulatları, şəkər və şəkər tozu, mal və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, limon, banan, pomidor, badımcan, göy lobya, çuğundur, kökün, kartof, baş soğan, sarımsaq, mineral sular və sərinləşdirici içkilər, spirtli içkilərin qiymətlərində bahalaşma, alma, armud, şaftalı, qarpız, yemiş, üzüm, qoz, fındıq, şabalıd, kələm, xiyar, balqabaq, şirin bibərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında qeyri-ərzaq məhsullarından parçalar, inşaat materialları, dərmanların qiymətlərində ucuzlaşma, geyimin, minik avtomobilləri üçün ehtiyat hissələri, məişət cihazları, mebel və ev əşyaları, dəftərxana ləvazimatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.