Azərbaycanda peyk antenlərinin istehsalına başlanıb
15 Oktyabr 2015 18:00 (UTC+04:00)
Azərbaycanda bu ilin doqquz ayında kompüter və
digər elektron avadanlıqların istehsalının həcmi
açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
yanvar-sentyabr ayları ərzində ölkədə kompüter, elektron və optik
məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul
istehsalının həcmi 127,9 milyon manat olub.
Əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə
kompüter və digər elektron avadanlıqlarının istehsalı 71,9 faiz,
elektrik avadanlıqlarının istehsalı isə 20,8 faiz artıb. Doqquz ay
ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə güc
transformatorlarının istehsalı 4,3 dəfə, 1 kV-dan çox gərginlik
üçün elektrik cərəyanı naqillərinin istehsalı 10,8 dəfə
artıb.
Bundan əlavə, bu il peyk antenlərinin istehsalına
başlanıb, ötən doqquz ay ərzində 2 480 ədəd anten istehsal
edilib. Bu müddət ərzində ölkədə 788 ədəd televizor istehsal
olunub.