Nazir vətəndaşların problemlərini qəbuldaca həll etdi

15 Oktyabr 2015 18:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Bu gün Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirib. Qəbulda Bərdə ilə yanaşı, Tərtər, Ağdam, Yevlax və Goranboy rayonlarından olan vətəndaşlar iştirak edib. Ümumilikdə 19 nəfərin sağlamlıq problemləri, işlə təminat, minnətdarlıq və s. məsələlərlə bağlı müraciətləri dinlənilmişdir. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.