Qərbin bitməyən ikiüzlülüyü

17 Oktyabr 2015 11:45 (UTC+04:00)

Avropa ölkələri, ABŞ hər zaman bildirir ki, Azərbaycan təbii ehtiyatlarla zəngin ölkə olaraq Qərbin enerji təminatında mühüm rol oynayır. Bu fikri indi də söyləyir, ölkəmizin həmin istiqamətdə əhəmiyyətinin get-gedə artdığını bildirirlər.

Sözsüz ki, Azərbaycan Qərbin neft və qaza olan tələbatının ödənilməsinə xüsusi töhfə verən ölkələrdəndir. Bu mənada Qərb dövlətləri arasında Azərbaycanın xüsusi çəkisi vardır. Lakin maraqlıdır, Qərb enerji təminatı məsələsində Azərbaycanın rolunu qeyd etsə də, burada müəyyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyasını da davam etdirir. Qərbdəki bir sıra təşkilatlar sanki yarışa girişirmiş kimi bir-birinin ardınca ölkəmizlə bağlı qərəzli qərarlar, bəyanatlar verirlər.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Qəbdə ölkəmizə münasibətdə yaranmış bu paradoksu onların ikili standartlardan çıxış etməsilə əlaqələndirdi: "Qərb dairələrinin bir tərəfdən ölkəmizin özlərinin enerji təminatında oynadığı rolunu qeyd etməsi, digər tərəfdən isə bizə qarşı qərəzli kampaniyanı davam etdirmələrini artıq paradoks kimi qiymətləndirmək lazım deyil. Çünki, artıq ikili standartlar və liberallıq Qərb siyasətinin əsas prioriteti kimi önə çıxır. Bütövlükdə siyasi nəzəriyyələr, beynəlxalq münasibətlərdə neoliberalizm cərəyanı bu gün Avropa siyasətçilərinin siyasi diksiyalarında müşahidə olunmaqdadır. Düşünürəm ki, bundan çox da narahat olmağına dəyməz.

Ayrı-ayrı dairələrin hər hansı bir fəaliyyəti Azərbaycan dövlətinin müstəqil siyasətinə, artıq Azərbaycanın formalaşmış xarici siyasət strategiyasına təsir edəcək gücdə deyil. Ona görə də hesab edirəm ki, indiki mərhələdə bu məsələyə bir qədər soyuqqanlı yanaşmaq lazımdır. Ancaq hər nə qədər siyasi mənəviyyat anlayışı siyasətdə ciddi bir anlayış kimi qəbul olunmasa da, ona hörmət etmək dövlətlərin siyasətində mütləq olmalıdır. Çünki, bu, ictimai rəyin münasibəti baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusilə şərqli mentaliteti üçün bu, vacib faktordur. Ona görə də hər hansı bir dövlət, onun ictimai auditoriyası ilə işləyərkən, mütləq bu amilləri nəzərə almalıdırlar.

İndiki mərhələdə ABŞ-da müxtəlif lobbiçilik fəaliyyəti həyata keçirilir. Bu, az qala ABŞ-ın dövlət siyasətinə çevrilib. Həmçinin, lobbiçilik fəaliyyətindən yararlanan qruplar, anti-azərbaycançı mərkəzlər var. Xristian təəssübkeşliyindən çıxış etməklə beynəlxalq və dövlətlərarası münasibətlərə yanaşan qruplar da mövcuddur. Bu da onların fəaliyyətinin nəticəsidir. Ancaq hesab edirəm ki, ABŞ-la Azərbaycan arasında ciddi tərəfdaşlıq münasibətləri də vardır. Cənab səfir Robert Sekutanın bu yaxınlarda səsləndirdiyi fikir də hazırkı mərhələdə Azərbaycan Amerika münasibətlərinin keyfiyyətini göstərən bir ifadədir".

Politoloq Elşən Manafovun fikrincə, Qərbdə müəyyən dairələr ölkəmizə münasibətdə formalaşan mövcud paradoks Azərbaycan dövlətinin müstəqil siyasət yütürməsindən onların narahat olmasından qaynaqlanır: "Qərbin bir tərəfdən ölkəmizi onları enerji ilə təmin etməyə görə tərifləməsi, amma eyni zamanda Azərbaycana qarşı çirkin kampaniya aparmaqda davam etməsi paradoksu bütün hallarda Azərbaycan iqtidarının həm regionla bağlı geosiyasi olayları, həm ölkəmizin milli, təhlikəsizlik maraqlarını nəzərə alaraq müstəqil, düşünülmüş, məqsədyönlü və uzaq gedən məsələlərə xidmət edən siyasətinin mahiyyətindən irəli gəlir. Bütün hallarda Qərb Azərbaycanı özünün müəyyən etdiyi müstəvi üzərində görmək istəyir. Bu müstəvi hüquqi və geosiyasi anlamda qəbul olunmalıdır.

Qərbi Azərbaycanın digər region dövlətləri, xüsusən də Rusiya və İranla münasibətlərinin mahiyyəti, xarakteri getdikcə daha çox narahat edir. İllərdir ki, Qərb Azərbaycan iqtidarına məhz özünün maraqlarına cavab verən və dolayısı ilə dövlətimizin maraqlarına cavab verməyən bir müstəvi üzərində digər region dövlətlərinə münasibətləri qurmağı tövsiyə edir. Azərbaycan iqtidarı da ölkəmizin milli və dövlətimizin təhlükəsizlik maraqlarından çıxış edərək müstəqil siyasətini davam etdirir. Bundan narahat olan Qərbdə müəyyən dairələr Azərbaycanla münasibətində özünün müəyyən etdiyi qırmızı həddi bilərəkdən keçir.

Azərbaycan iqtidarı isə dövlətimizin maraqlarından çıxış edərək, bütün hallarda dövlət və xalqımızın mənafeyinə cavab verən siyasətini davam etdirəcək. Çünki bu siyasətin arxasında, Qərbin özünün də sosioloji rəyinə görə, Azərbaycan xalqının geniş dəstəyi vardır. İqtidar xalq tərəfindən olan bu dəstəyi qiymətləndirir, ona görə də həyata keçirdiyi siyasəti möhkəmdir və həmin siyasəti uzun müddətli strateji məqsədlərdə həyata keçirməkdə israrlıdır".