Yaponiya İmperatriçası doğum günündə əsas diqqəti II Dünya müharibəsində həlak olanlara yönəldib

20 Oktyabr 2015 11:55 (UTC+04:00)

Oktyabrın 20-də Yaponiya İmperatriçası Miçikonun 81 yaşı tamam olur. Anadan olmasının 81-ci ildönümü ilə bağlı onun katibliyi tərəfindən yayımlanmış yazılı qeydlərində Yaponiya İmperatriçası II Dünya müharibəsinin 70 illiyinin tamam olduğu bir dövrdə dünyada sülhün qorunmasının əhəmiyyətini vurğulayıb.

Cari ilin aprelində Sakit okeanda yerləşən Palau Respublikasına səfərini xatırladan İmperatriça qeyd edir ki, bu səfər onda çox dərin hisslər oyatdı. Həyat yoldaşı İmperator Akihito ilə birlikdə o, həmin arxipelaq uğrunda ABŞ və Yaponiya qoşunlarının 70 il əvvəl baş vermiş döyüşünü anma tədbirlərində iştirak etmişdi. Bununla bağlı İmperatriça qeydlərində yazır: "Mən bir daha başa düşdüm ki, hələ də nə qədər insan qəlbində kədərlə yaşayır. Biz müharibənin nə olduğunu anlamaq və sülhü qorumaq üçün bütün gücümüzü sərf etməliyik".

Səhəti barədə məsələyə toxunan İmperatriça Miçiko bununla əlaqədar narahatlıqlarını bildirənlərə təşəkkür edir və qeyd edir ki, "öz vəzifələrini xüsusi dəyişiklik olmadan icra edə bilər". Cari ilin əvvəllərində həkimlər onun ürəyində işemiya xəstəliyi diaqnozunu qoymuşdular. Lakin buna baxmayaraq həkimlər bildirirlər ki, İmperatriçanın ürəyində əməliyyata ehtiyac yoxdur, əlavə müalicə isə vəziyyəti pisləşərsə, aparıla bilər.

Bu il Yaponiya alimlərinin uğurlarına toxunan İmperatriça, Satoşi Omurunu və Takaaki Kacitunu Nobel mükafatına layiq görülmələri münasibətilə təbrik edib.

Qeydlərində idman mövzusuna da yer ayıran Miçiko 2019-cu ildə Yaponiyada keçiriləcək reqbi üzrə Dünya çempionatını səbirsizliklə gözlədiyini və milli komandaya uğur arzuladığını bildirib.

Varlı sənayeçi-dəyirmançının qızı olan Miçiko Yaponiya tarixində sadə əhali arasından taxta çıxan ilk qadındır. Gələcək həyat yoldaşı Akihito ilə o, tennis kortunda tanış olub. 1959-cu ildə ailə həyatı qurarkən Akihito vəliəhd-şahzadə idi. Uzun əsrlər davam edən ənənələri pozaraq ali cütlük dünyaya gələn uşaqlarını özləri tərbiyə ediblər. Həmvətənləri arasında incə "Miçi" ləqəbi alan İmperatriça qadın jurnallarının sevimli qəhrəmanı, uzun illər modanın istiqamətvericisi kimi tanınıb. Onun ad günü, adətən Yaponiyanın hər yerində böyük təntənə ilə qeyd edilir.