Azərbaycana soyuq silahların keçirilməsinin qarşısı alınıb

20 Oktyabr 2015 14:00 (UTC+04:00)

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də mülki dövriyyəsi qadağan edilən soyuq silahların respublikamıza gətirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən, mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər. Lakin həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin gömrük orqanları tərəfindən bu kimi halların qarşısı qətiyyətlə alınır.

Son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycana İstanbul-Bakı, Antalya-Bakı, Moskva-Bakı və Sankt-Peterburq-Bakı aviareyslərilə gələn Azərbaycan və Rusiya vətəndaşlarından metaldan hazırlanmış soyuq silahlar - 3 ədəd "beşbarmaq" və 2 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Ümumilikdə 4 belə fakt aşkar edilib və bütün faktlarla bağlı təhqiqat aparılır.

Xatırladaq ki, əvvəllər də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınmış və Azərbaycanın qanunvericiliyinə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya vasitələrilə ictimaiyyətə ətraflı məlumat verilib.

Dövlət Gömrük Komitəsi səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu "beşbarmaq"lar, eləcə də ov bıçaqları soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növlərilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.