Lənkəranda ana ölümünün təfərrüatları...
22 Oktyabr 2015 13:48 (UTC+04:00)
Lənkəranda doğuş zamanı ana dünyasını dəyişsə də uşaq salamatdır.
Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən
məlumat verilib. Nazirlikdən bildiriblər ki, ana ölümünün səbəbi
SN-nın Doğuşayardım Komissiyası tərəfindən araşdırılır.Nazirlikdən
bildiriblər ki, hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının
Perinatal Mərkəzində qeydə alınıb. Bu ananın ilk doğuşu olub. Doğuş
zamanı dünyasını dəyişən Şağlaser kənd sakini Ağayeva Sənayə Nazim
qızının 17 yaşı olduğu bildirilir. Şağlaser bələdiyyə başçısı Rza
Nemətov Movqe.az-a açıqlamasında bildirib ki, 1997-ci il təvəllüdlü
Ağayeva Sənayə Şağlaser kənd sakini ilə erkən nikaha daxil olub:
"Bizə yaxınlarının verdiyi məlumata görə,hamilə qadın xəstəxanaya
aparanda onda sadəcə doğuş sancıları olub. Yəni, xəstənin vəziyyəti
pis olmayıb. Xəstəxanada doğuş həyata keçirildikdən sonra da, bir
neçə dəqiqə yeni ana olan qadının vəziyyəti normal olub. Oğlan
uşağı dünyaya gəlib. Qəflətən ananın vəziyyəti pisləşib və həyatını
xilas etmək mümkün olmayıb. Yaxınlarının bizə veridyi məlumata
görə, hələki həkim ölümün baş verməsi barədə onlara heç bir söz
deməyib. Qadının nəşi tibbi ekspertizadan keçirilməsi üçün
hələki, xəstəxanadan yaxınlarına təhvil verilməyib".