"Onun qədər sevilən olmadı" - Lalə Məmmədova
22 Oktyabr 2015 19:00 (UTC+04:00)
İTV-də yayımlanan "Antrakt" verilişinin növbəti
qonağı əməkdar artist Lalə Məmmədova olub.
Axsham.az-ın məlumatına görə,
aparıcılığını Kamran Quliyevin etdiyi proqramda müğənni dostluqdan
danışıb:
"Mən dostluğa can atan deyiləm. Zaman, şərait bizə
bunları qazandırır. Sənətdə rəqabət olduğu üçün, saf dostluq
mümkünsüzdür. Amma mənim yaxın dostlarım var. Görüşəndə musiqidən
danışırıq. Hərdən qeybət də edirik".
Mahnılarından danışan ifaçı bunları
deyib:
"Məşhur olan mahnılarım var. Amma "Məktəb illəri"
qədər tarixə düşən və sevilən olmadı. Bu bəstə sənətindən,
statusundan, yaşından asılı olmayaraq, hamının qəlbinə yol tapıb.
Bunun kimi ikinci bir mahnım yoxdur".
Qızları Nərgiz və Çinarədən söz açan L.Məmmədova
"Övladlarım xasiyyətcə fərqlidir. Amma hər ikisi musiqini sevir"
deyə, bildirib.
Qeyd edək ki, "Antrakt" verilişi həftənin çərşənbə
axşamı saat 23:00-da İTV-də yayımlanır.