Çoxmərtəbəli binaların qaz problemi yenidən qabarır

19 Oktyabr 2012 08:29 (UTC+04:00)

Oktyabr ayı ötən illərlə müqayisədə bu dəfə daha isti keçir. Lakin isti havaların tezliklə öz yerini soyuqlu günlərə yer verməsinə də çox qalmayıb. Elə bu səbəbdəndir ki, əhali və müvafiq dövlət qurumları qışa hazırlıq prosesinə indidən start veriblər. Lakin bütün bunlara rəğmən, bəzi ənənəvi problemlərin yenidən özünü qabarıq büruzə verəcəyi artıq bəri başdan qəbul olunur. Onlardan biri də paytaxtda inşa edilən bir sıra çoxmərtəbəli binaların hələ də təbii qazla təmin edilməməsi ilə bağlıdır. Özü də belə binaların sayı az deyil. Ekspertlər qeyd edir ki, çoxmərtəbəli binalara qaz ona görə verilmir ki, onların tikintisi tam şəkildə başa çatdırılıb dövlət komissiyasına təhvil verilməyib.

Tikinti şirkətləri isə mənzilləri əvvəlcədən satdıqlarından bu mənzillərin qazla təmin olunub-olunmamasında maraqlı olmurlar. Bunda maraqlı olan vətəndaşlardır ki, onlar da şikayətlə tikinti şirkətinə deyil, müvafiq dövlət qurumlarına müraciət edirlər. Dövlət orqanı isə bu halda problemin həllində aciz duruma düşür.

Qeyd edək ki, yeni tikilən binalar aidiyyəti rayon icra hakimiyyətinin xüsusi komissiyası tərəfindən istismara qəbul edildikdən sonra akt tərtib olunur. Yalnız bundan sonra bina "AzəriQaz"ın balansına keçir və təbii qazla təmin olunur. Lakin binaların əksəriyyəti komissiya tərəfindən qəbul edilməyib. Bu səbəbdən həmin binalara qaz verilmir. O da vurğulanır ki, tikinti şirkətinin rəhbərləri müştəri ilə bağladığı müqavilədə bütün kommunal xətlərin çəkilməsini öz üzərinə götürür. Buna görə də, mənzilə qaz xəttini tikinti şirkətinin özü çəkməlidir.

Hələlik isə yeni binalarda əsas istilik mənbəyi elektrik enerjisdir. Lakin onunla qızınmaq baha başa gəlir. İndividual qızdırıcı sistem sayılan "Kombi"nin alınması və quraşdırılması 2000 (italyan sistemləri isə hətta 3000 manatı belə aşır) manatdan az deyil. Qazdan qızdırıcı kimi istifadə də ayda 35-40 manat vəsait tələb edir.

Həmçinin, mənzilləri elektriklə qızdırmaq qazdan və ya mərkəzləşdirilmiş isitmə sistemindən istifadə etməyə nisbətən 4-5 dəfə baha başa gəlir. Məsələn, yeni tikilmiş binada təxminən 75-80 kvadratmetr sahəsi olan 2 otaqlı mənzili normal qızdırmaq üçün 3 ədəd qənaətcil radiator tipli elektrik qızdırıcısı lazımdır və bu, sakinlərə ay ərzində təxminən 140-150 manata başa gəlir. Eyni tipli mənzili qənaətcil kombi tipli sistemlə qızdırmaq üçün qaza və kombinin istifadə etdiyi elektrikə birlikdə 50 manat xərcləmək yetərlidir. Binanın qazanxanasından verilən istiliyə görə isə belə mənzil sahəsi üçün sakinlərdən təxminən 20 manat alırlar. Adətən binalarda mənzilə verilən isti suya sayğac qoyulur və mənzil sahibi aldığı enerji qarşılığında pul ödəyir.

Xatırladaq ki, istilik problemlərilə üzləşən vətəndaşların problemlərinin qanunvericilik qaydasında tənzimlənməsi də dəfələrlə gündəmə gəlib. Bu mövzuda parlamentdə bir neçə dəfə məsələ qaldırılıb. Bildirilir ki, dövlət bu işin tənzimlənmə yolunu tapmalıdır. Öz növbəsində, dövlət orqanları deyirlər ki, tam təhvil alınmayan yeni tikiliyə qaz vermək cinayətdir. Çünki bu, həmin binalarda yaşayan yüzlərlə insanın təhlükəsizliyinin təmini baxımından yolverilməzdir. Hələlik isə bir məsələni əlavə edək ki, hazırda qazsız mənzillərdə yaşayanlar ən azı binaların Dövlət Qəbul Komissiyasına təhvil verilməsinə qədər gözləməli olacaqlar.