“Aparıcılar ədəbi dili bilmirlər”

19 Oktyabr 2012 08:31 (UTC+04:00)

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. MTRŞ sədri Nuşirəvan Məhərrəmli qurumun keçirilən iclasında bildirib ki, bu gün televiziyalarda əsas problem aparıcıların dilimizi aşağı səviyyədə bilməsidir: "Problem əsasən şou-biznes sahəsindədir. Birmənalı şəkildə aparıcılar ədəbi dili bilmirlər. Onlar xalq arasında necə danışırlarsa, efirdə də o cür çıxış edirlər".

Nuşirəvan Məhərrəmli bildirib ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan dilinin normalarına riayət edilməməsinə görə yerli telekanallara güzəştə getməyəcək.

Onun sözlərinə görə, pozuntulara daha çox şou-proqramlarda rast gəlinir. Bu işə ən azı humanitar sahələr üzrə təhsil almış şəxslər götürülməlidir.

O deyib: "Efirdə səslənən hər bir sözün əhəmiyyəti var. Biz ziyalı və məmurlara müraciət edərək, onları ədəbi dil normalarına riayət olunmasına töhfələrini verməyə çağırırıq. Heç bir aparıcı dialektlə danışmamalıdır".

Onun sözlərinə görə, Azərbaycanda ədəbi dilin qorunması məqsədi ilə özəl televiziyalar arasında yarışma keçiriləcək.

O qeyd edib ki, televiziyalarda ədəbi dilin qorunması məsələsi çox ciddi olduğu üçün belə bir müsabiqə keçirəcəyik. "Bu müsabiqə 2013-cü ildə keçiriləcək və bu yarışmada yalnız özəl kanallar iştirak edəcək", - deyə MTRŞ-nın sədri əlavə edib.

N. Məhərrəmli onu da vurğulayıb ki, müsabiqədə qalib gələn televiziyalar mükafatlandırılacaq.

Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda bəzi televiziya kanalları problemli ailələr üzərində verilişlər hazırlamağı əllərində bayraq ediblər. Problemli ailələr üzərində tok-şouların qurulması ən yaralı yerimizdir.

Onun sözlərinə görə, telekanallar süni şəkildə bu məsələ ilə bağlı gərginlik yaradırlar. "Bəzən verilişlər çəkilərkən hər iki tərəfin bir-biri ilə dava səhnələrini görürük. Telekanallar elə hesab edir ki, bu, normaldır. Belə hallar olmamalıdır. Telekanallar məhkəmə orqanları deyil. Əgər onlar jurnalist araşdırması aparırsa, belə verilişdə heç də dava səhnələri olmamalıdır. Amma kanallar münaqişə olan tərəflərin davasını ən ağır formada göstərirlər, bəzən tərəflər söyüşlər söyürlər. Bu da qəbul olunan hal deyil. Biz bununla bağlı telekanal rəhbərlərinə öz tövsiyələrimizi vermişik".

Şura sədri qeyd edib ki, belə verilişlərin olması arzuolunan deyil: "Qanunvericilik bizə imkan versəydi, bu dəqiqə həmin halları aradan qaldırardıq. Hazırda bununla bağlı işlər görülür".

O bildirib: "Azərbaycanda çəkilən seriallara əlavə vəsaitin ayrılması gündəmdədir və bunun üzərində iş gedir. Əgər vəsait ayrılarsa, bu zaman prodakşn şirkətlərinə də birbaşa maliyyə vəsaitlər ayırmaq lazımdır". Onun sözlərinə görə, ölkədə televiziya kanallarının serial çəkməsində yox, prodsakşnların serial çəkməsinə maraqlı olmaq lazımdır: "Çünki telekanallara bu dəstək hər zaman olmayacaq. Ona görə də kino sahəsində çalışan şirkətlər güclənməli, özləri filmlər çəkməli və efirdə yaranan boşluğu doldurmalıdırlar".

Hazırda göstərilən serialların keyfiyyətinə gəlincə, Şura sədri deyib ki, bir il öncə ilə müqayisədə irəliyə doğru müəyyən dəyişikliklər var: "Amma bu serialların keyfiyyətindən tamamilə razı qalmaq mümkün deyil. Hələ də müəyyən çatışmazlıq və nöqsanlar var. Bayağılıq, şitlik, aktyorların hərəkətlərində sünilik qeydə alınır. Amma onu da qeyd etməliyik ki, bu nöqsanlar tədricən aradan qaldırılır. 4 ay əvvəl baxdığımız seriallarla indi baxdığımız seriallar arasında həm aktyorların seçilməsində, həm də keyfiyyət baxımından böyük fərq var".