Toksikoloqdan dərman preparatları ilə bağlı xəbərdarlıq!

26 Oktyabr 2015 13:20 (UTC+04:00)

"Dərmanların allergik təsirindən hər ay Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10-a yaxın müraciət daxil olur". Bu barədə Movqe.az-a açıqlamasında Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A. Maqsudov bildirib ki, əsas müraciətlər dərmandan zəhərlənmələrdən çox, dərman preparatlarının kəskin allergik xüsusiyyətlərindəndir. A. Maqsudovun sözlərinə görə, dərmandan baş verən allergiyalarda insanın bədəninin müqaviməti də rol oynayır: "Elə insanlar var ki, onların orqanizmi həssasdır. Allergiyaya qarşı bədənin müqaviməti zəifdir. Belə insanlar dərman preparatı qəbul edərkən, daha çox allergik təsirə məruz qalır. Unutmaq olmaz ki, dərmanlar mürəkkəb kimyəvi maddədir. Ona görə də, allergik təsirinin olması normaldır".

A. Maqsudov bildirib ki, hazırda bu səbəbdən də istehsal olunan dərmanların 80-90 faizinin içlik vərəqində allergik təsirinin olması barədə məlumat verilir.